az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Azərbaycanın neft strategiyası


 Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi ‎özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.

1994-cü ilə qədər Azərbaycanın həm quru ərazilərindən, həm də Xəzər dənizinin ona aid sektorundan bir milyard tondan artıq neft hasil edilib. Dünyada ilk dəfə dənizdəki neft ehtiyatlarının sənaye üsulu ilə hasil edilməsinə də Azərbaycanda başlanılıb. Bu fakt dünya neft tarixində xüsusi yer tutur. Azərbaycanın neftçi-mütəxəssislərinin neft və qaz hasilatı sahəsində əldə etdikləri bu yenilikçi təcrübənin bütün dünyada tətbiq edilməsi ilə ölkəmiz iyirminci əsrin ortalarından başlayaraq dünya neft mühəndisliyi fikrinin əsas mərkəzlərindən biri kimi tanınmaqdadır.

İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbə çalınmasında Azərbaycan nefti həlledici amillərdən biri olub. Həmin illərdə Azərbaycan neftçiləri ümumilikdə 75 milyon ton neft hasil ediblər. Müharibə zamanı keçmiş SSRİ üzrə istehsal edilən ümumi benzinin 80%-i, müxtəlif yağların isə 96%-i Bakıda istehsal edilib. Bunların nəticəsində isə müharibənin taleyini həll edən hər beş sovet təyyarəsindən, tank və avtomaşınından dördü Azərbaycan neftindən alınmış benzinlə hərəkət edib.
Bununla belə, Azərbaycan xalqı yalnız 20-ci əsrin sonlarında, müstəqillik qazandıqdan ‎sonra bu sərvətlərdən milli mənafeyinə uyğun tam bəhrələnmək imkanı ‎qazanıb.‎ Bu imkan 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev tərəfindən gerçəkləşdirilib.

‎Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda SSRİ-nin süqutu ilə əlaqədar siyasi, ‎iqtisadi və hərbi sahələrdə total böhran hökm sürürdü. Belə bir çətin vəziyyətdən çıxış yolu tapmaq üçün neft amilindən istifadə əsas götürməklə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft strategiyası işlənilib hazırlandı. Neft strategiyası ölkənin enerji ehtiyatlarının iri xarici neft şirkətləri ilə qarşılıqlı faydalılıq prinsipinə söykənərək, əməkdaşlıq əsasında iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutan uzunmüddətli milli inkişaf proqramıdır. Həmin strategiya işlənilib hazırlanarkən həm indiki, həm də gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas şərt kimi qoyulub. Bu prinsip Heydər Əliyev sözləri ilə belə ifadə edilib: "Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur."

Azərbaycanın neft strategiyası çərçivəsində imzalanan ilk saziş Xəzərin ‎Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tutur. Həmin müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox ‎davam etdirildi və müqavilə 1994-cü ilin ‎sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə 30 il müddətinə adı çəkilən yataqlardakı enerji ehtiyatlarının dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə birgə işlənilməsini nəzərdə tutur. Sonralar həmin saziş "Əsrin ‎müqaviləsi" adı ilə tarixə düşdü. Bu müqavilə ilə Azərbaycanın yeni neft ‎strategiyasının və bu günkü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli ‎iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən ‎biri kimi qiymətləndirərək deyib: "Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm".

Həmin müqavilə 20 sentyabr 1994-cü ildə Bakıda imzalandı və onun yenidən milli istiqlalını qazanan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ‎möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında müstəsna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir."Əsrin müqaviləsi" imzalanan zaman adları çəkilən üç yataqdakı enerji ehtiyatları 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilib. Lakin sonrakı dövrdə aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsində həmin yataqlarda çıxarıla bilən neft ehtiyatının təqribən bir milyard ton, qaz ehtiyatının isə 300 milyard kubmetrə yaxın olduğu təsdiqlənib. 1994-cü ildən bu günə kimi müqavilə çərçivəsində həyata keçirilən işlərə 18,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.

"Əsrin müqaviləsi"nə daxil olan yataqlardan 1997-ci ilin noyabrında ilkin neftin hasilatına başlanılıb. Bu günə kimi həmin müqavilə çərçivəsində 123 milyon tondan artıq neft, 26 milyard kubmetrdən artıq qaz hasil edilib. 1999-cu ildən başlayaraq Azərbaycan müqaviləyə uyğun mənfəət nefti əldə etməyə başlayıb. Bu vaxta qədər əldə edilən neft isə sərmayə qoyuluşlarının ödənilməsinə sərf edilib. 2008-ci ilin mayına qədər Azərbaycan dünya bazarlarında 26 milyon ton mənfəət nefti (217 tanker) satıb.

Azərbaycanın neft strategiyası çərçivəsində neft hasilatına başlanan vaxtdan bəri ölkədə hasilat prosesi sürətlə artmağa başlayıb. Məsələn, əgər 1997-ci ildə ölkədə 9 milyon ton neft hasil edilmişdisə, 2005-ci ildə 22,2 milyon ton, 2006-cı ildə isə əvvəlki rekord göstəricini keçərək (1941 - 23,5 milyon ton) 32,3 milyon ton, 2007-ci ildə isə 42,6 milyon ton neft hasil edilib. Ümumilikdə beynəlxalq ekspertlər Azərbaycanın proqnoz neft ehtiyatlarının həcminin 6 milyard ton olduğunu təsdiq edirlər.

Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər 1999-cu ilin dekabrında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır. Fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilməsini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamnamə sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərdə tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılıb. Burada həm icraedici, həm qanunverici hakimiyyətin, həm də ictimaiyyətin nümayəndələri təmsil olunur. 2008-ci il aprelin 1-ə olan məlumata görə, fondun sərəncamında 3 milyard 336 milyon ABŞ dolları həcmində sərbəst vəsait toplanıb və 4 milyard ABŞ dollarından bir qədər artıq vəsait isə ötən illərdə müxtəlif strateji layihələrin icrasına yönəldilib.

‎Xəzərin Azərbaycan sektorunda yeni neft-kondensat yataqlarının açılmasının mümkünlüyü, yaxın gələcəkdə Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsi 2010-2015-ci illərdə ölkədə neft hasilatının 66-67 milyon ton proqnozlaşdırılmasına imkan verir. Lakin “Əsrin müqaviləsi” üzrə işlərin ilkin mərhələsində bir şox xarici investorlar Azərbaycanda neft ehtiyatlarının nəzərdə tutulduğundan az ola biləcəyindən ehtiyat edərək yeni iri neft kəmərinin tikintisinə tələsmirdi. Buna görə də ilk Azərbaycan neftinin Avropaya və dünya bazarlarına çıxarılması üçün 1998-ci ildə Bakı-Novorossiysk (Şimal marşrutu, Rusiya), 1999-cu ildə isə Bakı-Supsa (Qərb marşrutu, Gürcüstan) neft kəmərləri tikilib istifadəyə verilib. Bu kəmərlərin birlikdə illik ötürmə qabiliyyəti maksimum 20 milyon ton təşkil edirdi. Lakin Azərbaycandakı neft ehtiyatlarının potensial həcmindən çıxış edən Heydər Əliyev əsas ixrac boru kəmərinin əlverişli marşrut əsasında çəkilməsinə çalışırdı. Gərgin siyasi-diplomatik əmək sərf edərək əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutunun seçilməsinə nail olan Heydər Əliyev, 2002-ci ildə kəmərin Bakıda tikintisinə start verdi. Təsadüfü deyil ki, bu möhtəşəm mühəndis qurğusunun fəaliyyətə başlamasında Azərbaycan Prezidenti Heydər Əliyevin müstəsna xidmətləri nəzərə alınaraq kəmərə onun adı verilib. Bakı-Tbilisi-Ceyhan öz miqyas və əhəmiyyətinə görə digərlərindən kəskin fərqlənir. 2006-cı ilin iyulunda rəsmi açılışı olan əsas ixrac boru kəmərinin uzunluğu 1769 km, illik ötürmə qabiliyyəti 50 milyon tondur (gün ərzində bir milyon barrel). İnşasına dörd milyard ABŞ dolları həcmində investisiya qoyulan kəmərin tikintisində 22 min insan çalışıb. Bakıdan ötürülən xam neft Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına 10 günə çatır.

1994-cü ildə "Əsrin müqaviləsi" ilə əsası qoyulan Azərbaycanın neft strategiyası çərçivəsində bu günə kimi xarici neft şirkətləri ilə ümumilikdə 27 neft sazişi imzalanıb. Həmin sazişlər üzrə birgə işlənilməsi nəzərdə tutulan perspektiv strukturların sayı 30-dur. Bu sazişlərdən 15-i Xəzərin Azərbaycan sektorunu, 12-si isə quru sahələri əhatə edir. Bu sazişlərdə Azərbaycan hökumətinin tərəfdaşları dünyanın 21 ölkəsini təmsil edən 43 şirkətdir. Proqnozlara görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlənilməsinə və nəqlinə ümumi sərmayə qoyuluşu 60 milyard ABŞ dolları həcmində olacaqdır.

Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu quruldu. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başlayıb. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan hökumətini təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının kəşfiyyat və hasilatını öz üzərlərinə götürüb.

“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Heydər Əliyev tərəfindən Bakıda beynəlxalq nüfuza malik “Xəzərneftqaz” sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyuldu. Bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi. 2008-ci ildə 15 illik yubileyi qeyd edilən sərgi-konfransda bu illər ərzində dünyanın yüzlərlə ən qabaqcıl neft şirkətləri təmsil olunub. Sərgi-konfransın Azərbaycan neft strategiyasının həyata keçirilməsində böyük rolu olub.

"Əsrin müqaviləsi" Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıtdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi. 2007-ci ildə geoloqların elan etdiyi kəşfiyyat-axtarış işlərinin yekunlarına görə, yataq bir trilyon kubmetr qaz ehtiyatına malikdir. 1996-cı ildə imzalanan "Şahdəniz" yatağının birgə işlənilməsi müqaviləsi bu gün Azərbaycanın neft strategiyası çərçivəsində "Əsrin müqaviləsi"ndən sonra icrasına başlanan və real nəticələri olan ikinci iri layihədir. 2006-cı ilin dekabrında yatağın genişmiqyaslı mənimsənilməsinə başlanılıb. Hal-hazırda yataqda orta gündəlik hasilat 19 milyon kubmetr qaz və 4,5 min ton kondensatdır. 2005-ci ildə "Şahdəniz" qaz yatağının zəngin ehtiyatlarını dünya bazarına ixracını təmin edən digər miqyaslı layihənin - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə start verilib və 2007-ci ilin əvvəllərindən kəmərin istismarına başlanıldı. Bu kəmərin ümumi uzunluğu 971 km, diametri 1066 mm (42 düymə), keçirmə qabiliyyəti 20 milyard kubmetrə qədərdir. İstismara verildiyi gündən bu günə kimi, həmin kəmər vasitəsilə Gürcüstana 383 milyon kubmetr və Türkiyəyə ( 2007-ci il iyul ayından) 2,8 milyard kubmetr qaz verilib.

"Şahdəniz" yatağından işlənilmənin əvvəlindən (2006) bu günə kimi 5,9 milyard kubmetr qaz, 1,6 milyon ton kondensat hasil edilib. Bu da ölkədə qaza olan tələbatın bütövlükdə daxili imkanlar hesabına ödənilməsinə gətirib çıxarıb. Əgər 2004-cü ildə Azərbaycanda 5,0 milyard kubmetr qaz hasil edilirdisə, 2007-ci ildə bu rəqəm 16,9 milyard kubmetrə kimi, yəni 3,4 dəfə artıb. Perspektivdə təkcə "Şahdəniz" yatağından 2008-ci ildə qaz hasilatının 8,0 milyard kubmetrə, 2015-ci ildə 22 milyard kubmetrə, yatağın tam miqyasda işlənilməsinin həyata keçirilməsi nəticəsində isə qaz hasilatının 35 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.

Mərkəzi Asiya neftinin və təbii qazının Avropaya nəqli üçün Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən iri layihələr, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Transxəzər və Nabukko kimi genişmiqyaslı layihələrin meydana çıxmasına əsas səbəb kimi göstərilir. Bunlar isə öz növbəsində Azərbaycan üçün tranzit ölkə kimi həm siyasi, həm də iqtisadi baxımdan əlverişli faktlardır. Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir. Bütün bu deyilənləri əvvəlcədən görən Azərbaycan Prezidenti Heydər Əliyev ‎"Əsrin müqaviləsi"nin imzalanması mərasimində söylədiyi tarixi nitqində deyib: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox ‎xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən ‎tarixi hadisəni layiqincə qiymətləndirəcəklər".‎

‎"Əsrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə ‎Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Heydər Əliyev verdiyi müsahibələrin birində "Əsrin müqaviləsi" haqqında danışarkən onun "dar və təhlükəli cığırla" keçərək ərsəyə gəldiyini bildirib. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluna çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının perspektivinə qiymət verərkən dediyi bu fikir yerinə düşür: "Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir."