az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzində "Bizim Qurtuluş Günümüz" kitabının təqdimat mərasimi olmuşdur


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün Heydər Əliyev irsinə müraciət olunmasını zəruri hesab edir və bu dahi insanın həyatının milli örnək kimi orta məktəblərdə də geniş təbliğinə çalışır.

Mərkəzin təhsil departamenti tariximizdə dönüş mərhələsi kimi səciyyələndirilən Milli Qurtuluş Gününə şagirdlərin münasibətini öyrənmək, onların fəal həyat mövqeyini müəyyənləşdirmək məqsədilə pilot məktəblərdə - Bakı şəhəri Səbail rayonundakı 7 və 132 saylı, Xətai rayonunda isə 17 saylı orta məktəblərin yuxarı sinif şagirdləri arasında "Bizim Qurtuluş Günümüz" mövzusunda inşa müsabiqəsi keçirmişdir. Məktəblilər qeyd olunan mövzuda yazdıqları inşalarda öz fikir və hisslərini savadlı, obrazlı surətdə çatdıra bilmişlər.

Müsabiqədə qalib gələn şagirdlərin inşaları və fotoşəkilləri Mərkəz tərəfindən nəşr etdirilmiş "Bizim Qurtuluş Günümüz" adlı kitabçada əksini tapmışdır.

İyun ayının 13-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzində Elmi-Redaksiya Şurasının üzvləri, qeyd olunan məktəblərin müəllimlərinin və müsabiqənin qaliblərinin iştirakı ilə "Bizim Qurtuluş Günümüz" kitabçasının təqdimat mərasimi olmuşdur.

Mərasimdə Mərkəzin Elmi-Redaksiya Şurasının sədri, akademik Asəf Nadirov, Şuranın üzvü, tanınmış kinorejissor, professor Tofiq İsmayılov çıxış edərək müsabiqənin məktəblilərin yaradıcılıq potensiallarını, dəyərlərimizə münasibətlərini aşkarlamaq imkanı yaratdığını vurğuladılar və qalibləri təbrik etdilər. Mərasimdə bildirildi ki, bu tədbir, Mərkəzin məktəblilərlə bağlı daha böyük miqyaslı silsilə müsabiqələrinə hazırlıq xarakteri daşıyır.

Mərasimin sonunda müsabiqə qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olundu.