az|en|ru

Heydər Əliyev və dövlət-din münasibətləri


Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusunda üçüncü söhbət oldu.

Birinci söhbət

İkinci söhbət

 

 

Tarix üzrə elmlər doktoru Musa Quluzadə, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qəmbərov, Azərbaycan İlahiyyat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəms Bağırova söhbətdə iştirak edirdi.

Fuad Babayev: Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi bu tədbirləri Ümummilli Liderimizin 95 illiyinə həsr edir. Hər bir tədbirimizdə də Umummilli Liderin bir deyimindən istifadə edirik. Bu tədbirimizin devizi belədir: “Heydər Əliyev: “Azərbaycanda formalaşmış dövlət-din münasibətləri beynəlxalq aləmdə bu sahədə əlverişli və səmərəli model kimi qəbul edilir”. Əvvəlcə istərdik bu mövzuda Musa müəllimin fikirlərini dinləyək.

Musa Quluzadə: Heydər Əliyev bizim xalqımız, Vətənimiz, bütöv türk dünyası, İslam aləmi üçün böyük şəxsiyyət, əlçatmaz incidir. Heydər Əliyev yalnız böyük dövlət adamı, ictimai-siyasi xadim deyil, həm də milli təfəkkürlü, doğma xalqının dilini, dinini, adət-ənənəsini sevən və qoruyan şəxsiyyət kimi tarixə düşüb. “Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusunda çox danışa bilərəm. Ümumiyyətlə, dinsiz xalq yoxdur. İnsan cəmiyyətinin mövcud olduğu bütün dövrlərdə din də olub. Bizim xalq da təbii ki, uzun yüzilliklərdən bəridir ki, İslam dininə inanır. Cəmiyyət beş fundamental əsas üzərində qurulub: ailə, din, iqtisadiyyat, təhsil, dövlət. Tarix göstərir ki, cəmiyyətdə bu beş fundamental institutdan birinə diqqət azalıbsa, o cəmiyyət uzun müddət duruş gətirə bilmir. Azərbaycan xalqının inandığı İslam yeni din olsa da, çox böyük bir ərazidə yayılıb. Dini xalqın qəlbindən silmək olmaz. Sovet dövründə bütün ənənələrə qarşı olduğu kimi, dinə qarşı da basqılar oldu. Heydər Əliyevin təbirincə desək, “din xalqımızın zahirindən batininə keçdi”. 70 il ərzində din bizdə təhdidlərə məruz qaldı, yasaq edildi. Amma böyük həqiqətdir ki, Azərbaycan xalqı öz dinini qoruyub, saxlaya bildi. Azərbaycan müstəqillik qazanandan sonra isə dinə münasibət tamamilə dəyişdi. Din, məzhəb, məfkurə azadlığı müstəqilliyin bizə verdiyi töhfələrdir. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən dinimizin ən yaxşı xüsusiyyətlərindən həmişə istifadə edirdi. O tez-tez təkrar edirdi ki, bütün dinlər insanları saflığa, həqiqətə, vətənpərvərliyə çağırır.  İslam dini bütün bəşəri keyfiyyətləri özündə cəmləşdirib. Heydər Əliyev həmişə bu keyfiyyətlərə istinad edirdi. Heydər Əliyev səmimiyyətlə dinə inanan şəxsiyyət idi. Elə SSRİ-nin rəhbərlərindən biri olanda da dünya onu belə bir səviyyəyə ucalan müsəlman kimi tanıyırdı. 1994-cü il iyulun 29-da Kəbə ziyarətindən qayıdandan sonra Təzə Pir məscidində müsəlmanlarla görüşündə deyirdi: “Orada dua edərkən Allahdan bir arzum olmuşdur ki, Azərbaycanın müstəqilliyini daim etsin, respublikamızı bugünkü bəlalardan xilas etsin. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bizə yardımını əsirgəməsin, Azərbaycanın sərhədlərinin toxunulmazlığını daim təmin etməkdə həmişə bizə köməkçi olsun”. Mən Heydər Əliyevin iştirak etdiyi bir çox ali məclislərdə olmuşam. 1998-ci ildə Azərbaycanda iki böyük dini tədbir keçirildi. 30 sentyabr – 1 oktyabrda Qafqaz müsəlmanlarının birinci qurultayı keçirildi. Heydər Əliyev həmin qurultayda böyük bir nitq söylədi. Həmin ilin 8-9 dekabrında isə beynəlxalq simpozium keçirildi – “İslam sivizilizasiyası Qafqazda”. Heydər Əliyev simpoziumda heç bir kağıza baxmadan 1,5 saat dini məsələlərdən danışdı. Dünyanın ən müxtəlif ölkələrindən simpoziumda böyük teoloqlar, din xadimləri iştirak edirdilər. Simpoziumdan sonra onlar heyrətlərini gizlədə bilmirdilər. Onlar bəşər dinlərinin tarixini bu qədər dəqiq bilən, onları çox dəqiqliklə təhlil edən dövlət xadimini ilk dəfə idi ki, görürdülər. Azərbaycan büdcəsi cəmi 700 milyon dollar olanda Heydər Əliyev Bibiheybət məscidini təmir etdirdi. Heydər Əliyev həm də öz xalqını təmsil etməyi bacaran insan idi.

Fuad Babayev: Çox sağ olun, Musa müəllim. Hörmətli Aydın müəllimin doktorluq dissertasiyası “İslam dünyagörüşündə ilahi və dünyəvi hakimiyyət” adlanır. Düşünürəm ki, bizim mövzu ilə ən çox səsləşən məsələlərdir. Çox istərdim ki, Aydın müəllimi dinləyək. İstəyirik ki, diskussiya atmosferi olsun və insanlar bir-birini dinləsinlər.

Aydın Əlizadə: Mən də diskussiya xarakterli, bəlkə də kəskin bir məsələ ortaya atmaq istəyirəm. Mənə elə gəlir ki, bundan sonra diskussiyamız daha maraqlı keçəcək. Mən istərdim ki, İslamda reformçuluq haqqında danışım. Hesab edirəm ki, mövcud İslam sistemi və strukturları artıq keçmişə yönəlib. Gələcəyə bu dünyagörüşü ilə getmək olmaz. Dünya artıq yeni qanunlarla idarə olunur və yeni gerçəkliklər ortaya çıxıb. İslam ilahiyyatı isə yalnız orta əsr strukturu ilə gedir və zamanla uzlaşmır. Bizim klassiklərimiz bu məsələni hələ ötən əsrin əvvəllərində qaldırmışdılar. Sonra ateizm bu məsələni pozdu. Çünki Tanrının tamamilə ortadan götürülməsi mümkün deyil. Din yalnız reformlana bilər. Çünki neçə ki, insan cəmiyyəti var, inanclar da olacaq. İnsanları inancdan məhrum etmək mümkünsüzdür. Yəni ateizm kommunistlərin uğursuz işlərindən biri idi. Ancaq onu da qeyd etmək lazımdır ki, gələcəyə indiki dini təsisat və quruluşlarla getmək mümkün olmayacaq. Dünyada müsəlmanların mövqeləri bu gün çox geridədir. Yapon, Çin və Cənubi Koreya mədəniyyətlərinə baxın və ABŞ, Kanada və Qərbi Avropanın irəliləyişlərinə baxın. Bütün bu proseslər dini reformçuluqdan başlayıb. Məlumdur ki, protestantlıq 15-ci əsrdən xristianlığı inkar etmədən, katoliklikdən ayrılaraq, yeni bir mərhələyə qədəm qoydu. Din başladı tamamilə milliləşməyə. Məsələn, ingilislər ilk addımla katoliklikdən ayrıldılar. Başa düşdülər ki, milli mənliklərini, gələcəklərini katolikliklə bağlaya bizməzlər. Öz dinləri olmalı idi ki, dünyaya meydan oxuya bilsinlər.

 

Fuad Babayev: Anqlikan kilsəsinin yaranması o vaxtkı ingilis kralının katolik kilsəsindən izdivacına razılıq verilməməsindən qaynaqlanmırdımı?    

Aydın Əlizadə: Tamamilə doğru deyirsiniz, amma bu, yalnız bir epizod idi. Səbəb o idi ki, ingilis mənliyi artıq ortaya çıxmaq üzrə idi. Katolik kilsəsi isə bunlara imkan vermirdi. Bundan sonra ingilislərin öz mədəniyyətləri, fəlsəfələri yaranırdı. Dinsiz bunlar mümkün deyil. Baxın, indi türkün fəlsəfəsi varmı? Yoxdur. Türkiyədə bir nəfər də olsa filosofun adını çəkmək mümkün deyil. Düzdür, var, amma orta səviyyəlidilər, dünyaya çıxa bilmirlər. Hegel, Kant, Aristotel yoxdur.

Fuad Babayev: Amma Kant, Aristotel başqa ölkələrdə də yoxdur axı.

Aydın Əlizadə: Nə üçün? Tutaq ki, ingilislərdə Bekon var.

Fuad Babayev: Yəni Siz müasir dövrü nəzərdə tutmursunuz?

Aydın Əlizadə: Bəli. Türklərdə ona görə filosof öz dinləri olmadığı üçün yoxdur. Türk öz dünyagörüşünü ərəb sünniliyi üzərində formalaşdırıb. Nə edirsə, etsin, nailiyyətləri ərəblərə yazılır. Bizdə də həmin vəziyyətdir. Farslar, iranlılar qismən ingilislərin yolu ilə gediblər. Onlar öz dinlərini və fəlsəfələrini yaradıblar. Zərdüştilik onların qədimdən gələn ənənəsidir, sonra İbn-Sina var. Bu da ona görədir ki, farsın öz dini var – şiəlik.

Musa Quluzadə: Axı şiəlik din deyil…

Aydın Əlizadə: Onlar ərəbin içindən çıxmadan başqa bir qol yaradıblar.

Musa Quluzadə: Deyirsiniz ki, türkün dini yoxdur. Türklər olmasaydı, İslam çoxdan sıradan çıxmışdı. Türklər ərəblərdən daha çox İslam dinini qoruyublar.

Aydın Əlizadə: Mən tezislərimi söylədim. Bəs nə təklif edirəm? İndi əlbəttə ki, Azərbaycan və ya türk dinini yaratmaq real deyil. İslamda qalaraq, hansısa məzhəbi aktivləşdirməklə bu işi görmək olar. İranlıların şiəliyi aktivləşdirərək, öz mədəniyyətlərini yaratdıqları kimi. Xomeyniçilik artıq qlobal bir məsələyə çevrilib və Yaxın Şərqdə geniş yayılıb. İranda, İraqda ayətullah var. Bizim isə öz ayətullahımız yoxdur və hesab edirəm ki, bu, çox ciddi bir nöqsandır. Ona görə biz də öz ayətullahımızı yetişdirməliyik. Bu ayətullah artıq fətvaları Azərbaycan üçün verəcək. Tutaq ki, ayətullah Sistaninin İraqda İrandan asılı olmayan öz şiəlik qolu var. Hezbullahçılar isə bunu Livanda ediblər. Azərbaycan Respublikasında da bunun tam fərqli və İrandan asılı olmayan qolunu yaratmaq olar. Sünnilikdə isə hansısa bir təriqəti aktivləşdirmək mümkündür. Gələcəkdə isə bu iki qol inkişaf edərək, hər ikisi türk qolu olur. Sonradan isə onlar türkçülüklə yaxınlaşıb, sintetik bir şey yarada bilərlər.

 Anar Qafarov: Çox önəmli bir məsələni müzakirə etməyə toplaşmışıq. Heydər Əliyev və dövlət-din münasibətlərini araşdıranda üç sual qarşıya çıxır: nə edib, nə üçün edib və necə edib. Əvvəla, din təsəvvürünü, tamamilə milli-mənəvi zəmindəki milli ekzistensiyamızı mədəni ekzistensiyamızın əsasını təşkil edən fenomen olaraq ələ alıb və bu istiqamətdə addımlar atıb. Bunu Azərbaycanın özünəməxsus varlığını qorumaq üçün edib. Bütün bu ifadələri əslində bir məfhumda toplaya bilərik – azərbaycançılıq ideyasında. İstər konfranslarda, istərsə də müəyyən çıxışlarında dini milli-mənəvi dəyərlərimizin əsası kimi göstərib. Ona səthi fikirlərlə yanaşmayıb, onu İslam fiqhinə endirmədən, İslamın bir mədəniyyət olaraq təsəvvür edilməsi istiqamətində addımlar atıb. Bütün bu addımların hüquqi müstəvidə əsasını konstitusiya təşkil edir. Dövlətin nəzarətində və onun din strategiyasının formalaşmasına xidmət edəcək qurum yaradıb. Dini təhsil istiqamətində mütəxəssislərin hazırlanmasına başlanılıb. Bu gün Azərbaycan İlahiyyat İnstitutunda çalışan mütəxəssislərin də əksəriyyəti onun dövründə hazırlanan kifayət qədər bilikli və səriştəli insanlardır. İslam dini abidələrinin və məbədlərinin bərpası və inşası istiqamətində böyük işlər görülüb. Azərbaycandakı sosial və mədəni müxtəlifliyi nəzərə aldığı üçün yalnız İslam dininə aid olan məbədlərə deyil, xristian və yəhudi məbədlərinə də qayğı ilə yanaşıb. “İslam sivilizasiyası Qafqazda” simpoziumunda söylədikləri əslində milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ideoloji zəmin təşkil edən fikirlərdir. Xüsusilə Azərbaycançılıqla bağlı fikirləri çox dəyərlidir. Hətta İslam dini ilə bağlı fikirlər söyləyərkən də din anlamında söylədikləri var və onun içərisində də özümüzəməxsusluğu vurğulayıb. Burada tolerantlığı əks etdirən fikirləri də görə bilərik. 

İndi Aydın müəllimin açdığı diskussiyaya öz münasibətimi bildirmək istəyirəm. Burada iki nüans vurğulandı. Şiəliyin məzhəb üzərindən qurulması, sünni dünyasını isə fiqh üzərindən deyil, sufizm, yəni tamamilə işraqi qol üzərindən vəhdətə gətirməkdən bəhs edildi. Halbuki bu ikisi arasında fərq var. Şiəliyin kökündə ciddi şəkildə bir metafizika, fiqhi təsəvvürlər dayanır, o birisində isə dəyişə bilmək imkanı daha çoxdur. Çünki onlar təriqət yönümlüdür. Birinin konkret bir sistemi, kosmologiyası, fəlsəfəsi var, o birisinin də fəlsəfəsi var, amma daha çox təsirə məruz qalır. Onu dəyişmək çox asandır. Din-dövlət münasibətləri deyəndə, dövlətin dini qanunlarla idarə edilməsindən bəhs edilmədi. Bu gün zatən dünya da onunla idarə olunmur. Dini qanunlarla idarə olunan bir çox dövlətin də özünəməxsus problemləri var. Bu dindən yox, dini yanaşmadan qaynaqlanan məsələlər ola bilər. Dini qanunları tətbiq edən hansısa dövlət dini yanaşma sayəsində fərqli istiqamətlərdə inkişaf edə bilər. Yəni məsələ hansısa dövlətin dini qanunla idarə edilməsindən getmir ki, biz onu müzakirə edək. Burada din sadəcə milli-mənəvi irsimizin bir amili, ünsürü kimi nəzərə alınır. Aydın müəllim hər şeydən danışdı, amma bəzi məsələlər mənə qarışıq gəlir. Məsələn, Türkiyənin guya filosofunun olmaması. Sizə görə filosof nədir? Əgər filosofluq dinə qarşı çıxmaqdırsa, bu, tamamilə başqa anlayışdır. Bu dəyərləndirmə tamamilə xristian dünyasının ətrini daşıyır. Orada hər şeyi əlində saxlayan kilsə var idi və ona qarşı bir təpki ortaya çıxdı. Buna aydınlanma hərəkatı deyilirdi. Həmin dövrdə İbn Sinanın “Şəfa” külliyyatında həm ilahiyyat, həm məntiq, həm də riyaziyyat bəhsi var. İslamın dünya təsəvvürü və xristianlığın bir məzhəbə endirdiyi katolikliyin dünya təsəvvürü arasında birmənalı fərq var.

Aydın Əlizadə: Mən məhəlli filosofları yox, dünya elminə töhfə verən filosofları nəzərdə tuturam.

Anar Qafarov: Biz İbn Rüştə də filosof deməməliyik? İbn Sina, Həmədani, Sührəverdi, Bəhmənyar əl-Azərbaycaniyə də həmçinin. Bu günkü Türkiyəyə gəlincə isə onun bu gün Mehmet Said Aydını, İlhan Kuluəri, Adnan Aslanı var. Sadaladığım şəxslərin əsərlərinə dünyanın məşhur universitetlərinin konkret istinadları var. Bunlar yaşayan dəyərlərdir. Alqışladığımız, çox şişirtdiyimiz avropalı filosofların da danışıqlarını dinləmişəm, türk filosoflarının da. Önəmli məsələlərdən biri də dinə hansı prizmadan baxmağımızla bağlıdır. Bəlkə də həmkarımı yanlış anlamışam, amma mən dinə bəlli ilahi normaların dəyişməzliyi münasibətinin sərgiləndiyini sezdim. Qurani-Kərimdə möhkəm və mütəşabih ayələr var. Möhkəm ayələr hökmü ayələrdir və dəyişmir. Məsələn deyir ki, “bir qövmə bəslədiyiniz düşmənçilik Allah rizası üçün sizi ədalətsizliyə sövq etməsin”. Amma bu ümumi hökmün adi həyatda qarşılaşdığınız bəzi problemlərə tətbiqində müəyyən formalar dəyişə bilər. Burada əsas metod ağıldır. Bu cür ayələrin yorumları nəticəsində bir tərəfdən İslam fiqhi çıxır, bir tərəfdən də əxlaq fəlsəfəsi. İslam mədəniyyəti yalnız İslam fiqhindən və İslam əxlaqından ibarət deyil.  Musiqisi, sənəti, fəlsəfəsi, təsəvvüfü, işraqiliyi var. Əgər bir cəmiyyətin filosof yetişdirməsi onun dindən uzaqlaşması ilə düz mütənasibdirsə, onda bizim Sührəverdilərimiz, Həmədanilərimiz, Bəhmənyarlarımız olmamalı idi. Tutaq ki, Molla Sadranın fikirlərinin təməlində azərbaycanlı Həmədani və Sührəverdinin fikirləri yatır. Amma bunların da fikirlərinə rəvac verən filosof İbn Sinadır. İbn Sinanın əsərini oxuyanda görürük ki, İranın yetişdirdiyi Molla Sadranın fikirlərinin toxumu orada atılır.

Fuad Babayev: Asəf müəllim danışmaq istəyir. Onu dinləyək.

 Asəf Qənbərov: Aydın müəllim fundamental bir mövzunu ortaya atdı. Təbii ki, hər kəsin öz fikrini deməyə haqqı var. Bu barədə uzun-uzadı müzakirələr keçirilə bilər. Razı ola bilərik və ya bilmərik, amma fikirlərinə mən hörmətlə yanaşıram. Mən Azərbaycanda din-dövlət münasibətlərindən danışmaq istəyirdim. Lakin əvvəlcə Aydın müəllimin qaldırdığı reformasiya məsələsinə münasibətimi bildirmək istəyirəm. İslam düşüncə tarixində reformasiya təklifi ilə çıxış edənlər hər zaman olub. Aristotelçiliyin özü də İslamda reformasiyadır. İslam teologiyası yunan fəlsəfəsi ilə qarşılaşanda böyük intellektual böhran içərisinə girir. Bu böhrandan çıxış yollarından biri də İslam filosoflarının ortaya çıxması, Aristotelçiliyi İslamla uyğunlaşdırması idi və yeni kəlam elminin formalaşması ilə bu böhran həll olundu. Bu özü böyük bir reformasiyadır. İslam dünyasında əslində hər zaman bir reformasiya olub. Amma bu reformasiyaların dərəcəsi bir-birindən fərqlidir. Mənim bununla əlaqədar bir tezisim var. Reformasiyanın gerçəkləşməsi üçün bəzi sosioloji şərtlərin, mühitin olması lazımdır. Məsələn, Aristotelçilik İslam cəmiyyətində kök sala bilmədi. Çünki İslam cəmiyyəti bu fəlsəfəni qəbul edə biləcək qədər maariflənməmişdi. Sonunda da təsəvvüf və sünni kəlam bu hərəkatı təzyiq altına aldı, sıxışdırdı və o, davam etmədi. Bu düşüncə XVII, XVIII və XIX əsrlərdə yenidən gündəmə gəldi. Cəmaləddin Əfqani, Fəzlur Rəhman, Malik ibn Nəbi ilə. Yəni Aydın müəllimin söylədiyi fikirlərlə çıxış edən alimlər həmişə olub və indi də var. Bu reformistlərdən biri də İranda fəaliyyət göstərən Seyid Hüseyn Nasrdır. Dini plüralizmi təbliğ edən düşüncələr hər zaman var. Başqa sözlə, bu fikir təzə deyil. Aydın müəllim protestantlığın yayılmasını qeyd etdi. Qərbdə elə maariflənmə getmişdi ki, onlar bu düşüncəni qəbul etdilər. Bizdə isə bunun sosioloji zəmini, təməlləri yoxdur. Reformasiyanın Aydın müəllimin dediyi şəkildə həyata keçirilməsi bir az utopiyadır. Bu, sosial bir proses kimi inkişaf etməlidir. Bu gün İslam dünyasında iki böhran var – biri siyasi böhrandır. İslam düşüncəsi siyasi nəzəriyyə ortaya qoya bilmədi, bunun da bir çox səbəbləri var. Qərb müstəmləkəçiliyi imkan verməyib ki. intellektual inkişaf yaşansın. İkincisi isə elmi böhrandır ki, bir çox müsəlmanın da bundan xəbəri yoxdur. Ənənəvi İslam dünyagörüşü bəzi elmi görüşlərlə üst-üstə düşmür. Məsələn, müsəlmanlar təkamül nəzəriyyəsini rədd edirlər. Bu, biologiyanı bilməməkdən qaynaqlanır. Yəni bir reformasiyaya ehtiyac var, amma o, sosioloji proses kimi meydana çıxmalıdır. Bir insan yetişdirməklə və onun fətvası ilə iş alına bilməz. Bu işin fəlsəfi-teoloji yönümüdür. Aydın müəllim inkişafla dini assosiasiya edir. Bu gün dünyanın inkişaf etmiş ölkələri dünyəvi ölkələrdir. Yəni din dövlətdən ayrıdır. İnkişafın dinamikası dində deyil, sekulyar düşüncədədir, elmdədir. İqtisadiyyat bazar iqtisadiyyatı əsasında işləyir. İran üçün reformasiya vacibdir, çünki din dövlətə bağlıdır. Dövlətin inkişafı üçün dində reformasiya lazımdır. Tutaq ki, İslam faizə imkan vermirsə, iqtisadiyyat bu şəkildə inkişaf edə bilməz. Amma Azərbaycan dünyəvi dövlətdir. Dində reformasiya dövlətin fəaliyyətinə təsir etməməlidir. Çünki bizdə din mədəni hadisədir. Əslində bizim diskussiyamız dünyəvilik üzərində olmalı idi.

Azərbaycanda din-dövlət münasibətləri dünyəvilik üzərində qurulur. Bizim bir dövlət, xalq, mədəniyyət kimi inkişafımızda dinin rolu azdır. Konstitusiyanın 18-ci maddəsi din və dövlət münasibətlərini tənzimləyir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır”. Dində reformasiya gedə bilər, amma bu, teoloji məsələ olduğundan, dövlət müdaxilə edə bilməz. Dövlətlə dinin ayrılığı hər iki sitemin bir-birinə müdaxiləsini məhdudlaşdırır. Bizdə dövlət-din münasibətlərində elə bir sistem yaranıb ki, dünya praktikasına uyğun deyil. Yalnız Azərbaycanın özünəməxsus bir münasibətdir. Azərbaycanda dövlət və din ayrıdır, amma dövlət xalqın mədəniyyətinin bir hissəsi kimi dinə dəstək verir. Amma bu dəstəkvermədə tərəfsizliyin və dinə inanmayanların da hüquqları qorunur. Əslində din və dövlətin ayrılığı dövlətin dinə dəstək verməsini də məhdudlaşdırır. Amerikada, Fransada dövlət və din ayrıdır, dövlət dini təhsil verə bilməz. Dövlət ümumiyyətlə, əgər dindən ayrıdırsa, dövlətin, xalqın, elmin, iqtisadiyyatın inkişafında dinin rolu məhduddur. Ona görə də dinin reformasiyasına ehtiyac yoxdur.

Fuad Babayev: Gəlin, İlahiyyat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəms Bağırovanı dinləyək. Buyurun.

 Şəms Bağırova: Bu gün çox dəyərli məlumatlar aldıq, buna görə hər kəsə təşəkkürümü bildirirəm. Musa müəllim gözəl qeyd etdi ki, sovet dövründə ateizmi yayır, insanları dindən çıxmağa sövq edirdilər. Bütün səylərə rəğmən dini insanların içlərindən çıxara bilmədilər. Çünki din insanın içindən gələn hissdir. Müstəqillikdən sonra Azərbaycanda dinin yüksəlişi üçün böyük addımlar atıldı, dövlət-din münasibətlərinin inkişafında isə Ümummilli Liderimiz Heydər Əliyevin rolu danılmazdır. Müvafiq qurumlar yaradıldı, məbədlərin bərpası istiqamətində böyük işlər görüldü, yeniləri inşa edildi. Bu gün Heydər Əliyevin qoyduğu yolu Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva uğurla davam etdirir. Dini tolerantlıq hökm sürür. İslam dini ilə yanaşı, digər dinlərə də fəaliyyət azadlığı üçün şərait yaradılıb. Onların məbədləri, ziyarəgahları qorunub, saxlanılır. Konstitusiyamızın 48-ci maddəsində də bildirilir ki, hər kəs dinə münasibətini müstəqil müəyyənləşdirmək,  hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Məncə, bu, tolerantlığın ən yüksək səviyyəsidir.

 

 

Hazırladı: Gündüz Nəsibov,

1905.az