az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

May ayının 5-də "Park İNN" otelinin "Füzuli" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni layihəsi - wap.aliyevheritage.com portalının fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı olmuşdur


 
 
 Media və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin baş direktoru Fuad Babayev açdı. O, 2004-cü ilin may ayının 10-da- ümummilli liderimiz Heydər Əliyevin ad günündə fəaliyyətə başlayan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin işi və www.aliyevheritage.org ünvanında yayımlanan portalı haqqında məlumat verdi. Mərkəzin bir sıra uğurlu layihələri barəsində slaydlar nümayiş etdirən F.Babayev, təqdim edilən wap portalın da oxucuların ürəyincə olacağını vurğuladı.

Mərkəzin Elmi-Redaksiya Şurasının sədri, akademik Asəf Nadirov Mərkəzin fəaliyyətinin bəzi cəhətləri barəsində və ulu öndər Heydər Əliyevin irsinin təbliğinin əhəmiyyəti haqqında danışdı.

Mərkəzin kompüter mütəxəssisi Vahid Kazımov yeni yaradılmış wap portalın üstünlükləri barəsində məlumat verdi və onu iştirakçılara nümayiş etdirdi.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparat rəhbərinin müavini, professor İdris Məmmədov öz çıxışında Mərkəzin fəaliyyətini təqdir etdiyini bildirdi və bu yolda kollektivə uğurlar arzuladı.

Mərkəzin portalının yaranmasında yaxından iştirak edən "BM Texnologiya" şirkətinin icraçı direktoru Pərvin Əmirov yeni uğurlu layihə münasibətilə Mərkəzin əməkdaşlarını təbrik etdi.
 
Stenoqram

Fuad Babayev (Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru): Hörmətli xanımlar və cənablar! Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni layihəsi wap.aliyevheritage.com ünvanında fəaliyyət göstərəcək wap portalın təqdimatına həsr olunmuş mətbuat konfransında sizləri salamlamaqdan məmnunluq duyuram. Tədbir iştirakçılarını salamlamaq üçün sözü Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Elmi-Redaksiya Şurasının sədri Asəf Nadirova verirəm.

Asəf Nadirov (Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Elmi-Redaksiya Şurasının sədri): Mən çox şadam ki, siz bizim təklifimizi qəbul edib, təqdimat mərasimimizdə iştirak edirsiniz. Bilirsiniz ki, Heydər Əliyev İrisini Araşdırma Mərkəzi 2004-cü il mayın 10-da ümummilli liderin anadan olduğu gündə özünün böyük və çoxşaxəli fəaliyyətinə başlamışdır. Bildiyiniz kimi, Mərkəzin tərkib hissəsi olan "Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxanası vasitəsilə ulu öndərimizin əsərləri dünyada ən geniş yayılmış 35 dil vasitəsilə oxuculara çatdırılır. Biz eyni zamanda fəaliyyətimizi ildən-ilə yeni layihələrlə genişləndiririk, artırırıq. Bizim fəaliyyətimizin digər istiqamətləri ilə bağlı sizi narahat etməyəcəyəm, bu haqda yəqin ki, Fuad müəllim özü danışacaq.

Amma qeyd etməliyəm ki, bizim nəşriyyat fəaliyyətimiz də çox genişdir. Bu kitabların adlarını sadalamayacağam, çünki onların təqdimat mərasimlərində szi də iştirak etmisiniz. Sadəcə olaraq vurğulayım ki, müxtəlif dillərdə nəşr olunan və Heydər Əliyev cənablarının fəaliyyətini əks etdirən bu kitablar böyük rezonans doğurub və çox böyük rəğbətlə qəbul olunublar.

Ona görə də mən bir daha sizə yeni layihəmizin təqdimatına gəldiyinizə görə minnətdarlığımı bildirirəm, və güman edirəm ki, bundan sonra siz Heydər Əliyevin irsi barəsində mobil telefonlar vasitəsi ilə də məlumat əldə edə biləcəksiniz. Əlbəttə, bu irsin öyrənilməsi və təbliğinin çox böyük əhəmiyyəti vardır.

Sağ olun, diqqətinizə görə minnətdaram.

Fuad Babayev: Çox sağ olun, Asəf müəllim. İndi isə mən sizin diqqətinizi bir neçə dəqiqə məşğul edərək, bizim 2004-cü ildən bəri fəaliyyət göstərən Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin fəaliyyəti haqqında slaydların dili ilə informasiya vermək istəyirəm. Artıq 7-ci ildir ki http://www.aliyevheritage.org ünvanında Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin portalı fəaliyyət göstərir. Bizim portalımız 2 hissədən ibarətdir, bilavasitə Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin fəaliyyətini işıqlandıran sol bölüm, bu Azərbaycan, ingilis və rus dillərində çalışır və Beynəlxalq elektron kitabxana. Bir qədər əvvəl Asəf müəllim qeyd etdiyi kimi, bu elektron kitabxana ümummilli liderimizin zəngin irsini 35 dildə geniş oxucu auditoriyasına çatdırır. Xatırladım ki, hər bir kəs təsdiqləyə bilər ki, internet məkanında 35 dildə bir resursun olması nadir hadisələrdəndi və bizim oxucu auditoriyamızın genişləndirilməsinə xidmət edir.

Növbəti slayda keçək, zəhmət olmasa, burada biz çox yığcam, çox kiçik bir cədvəl şəklində indiyəcən işıq üzü görmüş əsas nəşrlərimiz haqqında məlumat vermişik. Onu da deyim ki, burada iştirak edən media mənsublarına təqdim edilmiş jurnalist dəstlərində belə bir kiçik disklər yer almışdır. Bu disklərdə bizim fəaliyyətimiz haqqında daha dəqiq məlumat var. Amma mən "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaranmasına yol verə bilmərik", "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında", "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol", "Sabaha doğru", "Azərbaycan bayrağı İst-River sahilində", "Azərbaycan Qadını naminə" kitablarının adlarını çəkmək istərdim. Bu kitabların hər biri ümummilli liderimizin həyat və fəaliyyəti ilə bağlı çox mühüm məqamlarının ildönümlərində işıq üzü görüb. Deyək ki, Azərbaycan, rus, ingilis dilində işıq üzü görən "Sabaha doğru" kitabı Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40-cı ildönümündə işıq üzü görmüşdür. "Azərbaycan bayrağı İis-river sahilində" kitabı keçən il işıq üzü gördü və kifayət qədər uğur qazandı. Bu kitab Heydər Əliyevin Azərbaycanın Prezidenti olaraq BMT-nin ali kürsüsündən ilk çıxışının növbəti ildönümünə həsr edilmişdir.

(Növbəti slayd)

Burda biz portalımızın oxucuları ilə bağlı sizə məlumat vermişik, portalımızın oxucularının əsas hissəsi, 60% elmi mərkəzlərdir, xatırladım ki, bir az öncə dediyim kimi, söhbət 35 dildə olan portalın oxucularından gedir. Və bu elmi mərkəzlər dünyanın müxtəlif ölkələrini təmsil edirlər. Burada həmçinin dünya kütləvi informasiya vasitələri, dövlət qurumları, transmilli şirkətlər də yer almışdır. Amma təkrar edirəm, artıq 7-ci ildir fəaliyyət göstərən bizim Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin oxucularının əsas hissəsi elmi mərkəzlərdir.

(Növbəti slayd)

Növbəti slaydımızda beynəlxalq axtarış sistemlərindən daxil olmalar haqqında informasiya var. Daha çox bizim saytımıza google.com axtarış sistemindən daxil olurlar. Çox həvəslə qeyd etməliyəm ki, bizim saytımıza dünyanın digər axtarış sistemlərinin hər birindən də saysız-hesabsız daxil olmalar var. Və biz bu gün məsuliyyətlə deyə bilərik ki, bir neçə elmi-tədqiqat işinin mövzusu məhz bizim Azərbaycan xalqının ümummilli liderinin irsinə olan dünya ölkələrinin təmsil edən tədqiqatçıların marağıdır. Google axtarış sisteminin daxil olmaları göstərən bu slaydda isə, bilirsiniz ki, google axtarış sistemləri müxtəlif ölkələrin axtarış sistemləri formasında da fəaliyyət göstərir, gördüyünüz kimi diaqramda fransız, alman, ingilis, rus və s. google milli axtarış sistemlərində bizim sayta olan maraq özünü göstərir.

Sonda mən sizə iki xəritəni göstərmək istəyirəm, həmkarım Elşənın köməyi ilə, bu xəritə dövlət dili portalın dil versiyaları olan ölkələrin coğrafiyasını özündə əks etdirir. Gördüyünüz kimi, dünyanın çox kiçik ərazisində olan ölkələrin dili hələlik bizim saytın dil siyahısında yoxdur. Digər rəngdə olan ölkələr hansı ki, orada göstərilir, faktiki olaraq dünya dillərinin əsas hissəsini əhatə edir.

Və sonucu bizim bu slayd şounun son görüntüsü isə Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi portalına daxil olan çoxsaylı oxucuları olan ölkələrin coğrafiiyasıdır. Gördüyünüz kimi, elə ölkə var ki, oranın dil versiyası bizim dil versiyalarımızda yer almayıb, amma bu həmin ölkədə oxucuların olmasını əngəlləməyib. Bu da ilk növbədə onunla izah oluna bilər ki, dünyanın hər yerində istifadə olunan ingilis dili, fransız dili və digər aparıcı dillər bizim dil versiyalarımız arasında var və bu bizim oxucu auditoriyamızı əhəmiyyətli dərəcədə artırmağa xidmət edir.

Mən sizin vaxtınızı çox almaq istəmirəm, Mən istəyirəm ki, sözü bizim webmasterimiz Vahid Kazımova verim, buyurun Vahid müəllim, o bizim bu gün bilavasitə təqdimatına toplaşdığımız wap portalı təqdim edəcək.

Vahid Kazımov: Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2004-cü ildə fəaliyyətə başlamışdır.

Mərkəzin Elektron Kitabxanası 35 dildə internet məkanda yayımlanır. Biz bu fəaliyyətimizi daha da artırmaq üçün web portalın wap versiyasını da düzəltdik.

Wap versiyamız hal-hazırda 5 dildə yayımlanır. Buraya Azərbaycan, ingilis, rus, türk, alman dilləri daxildir. Təbii ki, bu dillər web portala uyğun olaraq daha da artırılacaq.

Wap versiyanı açmaqda əsas məqsədimiz web portala bir növ bələdçilik etməkdir. Bildiyimiz kimi, Mobil İnternet xidməti bir sıra hallarda zaman və məkandan asılı olaraq daha sərfəli olur. Bundan əlavə mobil internet xidmətindən gənc nəsil daha çox istifadə edir. Bununla biz həm də gənclərə xitab etmiş oluruq. Saytımız wap.aiyevheritage.com ünvanında yerləşir. Burada Heydər Əliyevin əsərləri, çıxışları, bəyanatları məktubları və s. dərc edilmişdir

Saytımızın ana səhifəsində - sayt haqqında qısa məlumat verilir. Ana səhifədə Heydər Əliyevin tərcümeyi-halı, əsərləri və.s yerləşdirilib. Məlumatar bölmələrə uyğun olaraq yerləşdirilib və mətnlər tarixi ardıcıllıqla sıralanır. Məlumatlar web portala nisbətən daha sadə və yığcamdır. Bütün fəaliyyət bununla bitmir, təbii ki, yeni layihələr də olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

Fuad Babayev: Çox sağ olun Vahid müəllim. Mən böyük məmnuniyyətlə sizə bu tədbirdə olan iki qonağımızı təqdim etmək istəyirəm. Bunlardan biri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini professor İlham Mərdanovdur. Xoş gəlmisiniz, İlham müəllim. Və bizim, mənim qarşımda olan bu ünvanda fəaliyyət göstərən, və danışdığımız web portalın yaradılmasında yardımçı olan "BM texnologiya" şirkətinin icraçı direktoru Pərvin Əmirovdur. Xoş gəlmisiniz, Pərvin müəllim.

İcazənizlə ilk sözü İlham müəllimə vermək istəyirəm.

İlham Mərdanov: Çox sağ olun. İcazə verin, bu gün münasibətilə sizi çalışdığım Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bütün əməkdaşları və başda hörmətli nazirimiz akademik Əli Abbasovun adından salamlayım. O bu gün bu tədbirdə iştirak edə bilmədi, amma mən çox məmnunam ki, burada iştirak edirəm. Bu gün deyildiyi kimi, ümummilli liderimiz irsini təbliğ edən Heydər Əliyev İrsinin Araşdırmalar Mərkəzinin 6 yaşı tamam olur bu günlərdə. Bu təsadüfü deyil ki, bu gün yaxın günlərdə ulu öndərin doğum günü qeyd olunacaqdır. Bu tədbir həmin günə elə bil ki, bir hədiyyədir. Göründüyü kimi, mərkəz bu illərdə çox işlər görübdür. Bir neçə aparıcı dünya dillərində kitabların nəşr olunması böyük işdir. Bundan başqa mən qeyd edim ki, yeni yaradılan wap saytın yeni texnologiyalarla istifadə olunaraq yaradılması və deyildiyi kimi, burada üstünlükləri qeyd olundu və əsas üstünlüklərindən biri gənclərin bu sayta daha asan daxil olmaları, bu irsi öyrənmələri çox önəmlidir. Bu münasibətlə sizi təbrik edirəm və bu işdə sizə uğurlar arzulayıram.

Fuad Babayev: Buyurun Pərvin müəllim indi isə söz sizindir.

Pərvin Əmirov: Təşəkkür edirəm, ilk öncə hər vaxtınız xeyir, xanımlar və cənablar. Qeyd etmək istərdim ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təqdimat mərasimində iştirak etməkdən böyük qürur duyuram. Kütləvi informasiya vasitəsi kimi internetin bütün dünyada məşhurluğunu nəzərə alsaq, bu cür əhəmiyyətli və dəyərli məlumatların internet üzərindən milyonlarla oxuculara çatdırılması daha səmərəlidir. Bu baxımdan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşəbbüsü və sifarişi ilə elektron kitabxana xidmətini göstərən saytın yaradılmasında "BM texnologiya" şirkətinin seçilməsi bizə böyük etimaddır. Bu səbəbdən mərkəzin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk. Bu elektron kitabxananın yaradılmasında məqsəd kitabxana vasitəsi ilə Heydər Əliyev irsini beynəlxalq miqyasda tanıtmaq və təbliğ etməkdir. 35 dil seçimi ilə fəaliyyət göstərən kitabxanada dahi liderimiz Heydər Əliyevin tərcümeyi-halı, dünya şöhrətli şəxsiyyətlərin Heydər Əliyev haqqında söylədikləri fikirlər, dünya mətbuatının Heydər Əliyevin səfərləri haqqında məlumatları, müsahibələri, görüşləri, bəyanatları, o cümlədən məktubları, mətnləri dərc olunmuşdur. Məhz bu kitabxana vasitəsi ilə keçən dövr dünyanın 200-dən artıq ölkəsindən müxtəlif 100 minlərlə oxucu Heydər Əliyev irsi ilə yaxından tanış olmuşdur. İcraçı şirkət olaraq "BM texnologiya" bu gün də, gələcəkdə də texniki dəstəyi, o cümlədən saytın təhlükəsizlik baxımdan bütün işlərini öz üzərinə götürəcəkdir. Yeri gəlmişkən, qeyd edim ki, 120 nəfərdən ibarət peşəkar komandamız web texnologiyalardan savayı, telekommunikasiya və avtomatlaşdırma üzrə, 50-dən artıq telekommunikasiya layihəsi həyata keçirir. Sonda bir daha mərkəzi və onun kollektivini təbrik edirəm, öz şərəfli və intellektual işini uğurla inkişaf etdirməkdə "BM texnologiya" və şəxsən öz adımdan uğurlar arzu edirəm.

Fuad Babayev: Çox sağ olun, Pərvin müəllim. Mən də böyük məmnuniyyət hissi ilə deyirəm ki, birgə fəaliyyət göstərdiyimiz illər ərzində biz "BM texnologiy"adan razılıq edə bilərik, bir daha çox sağ olun ki, varsınız, bizi dəstəkləyirsiniz. İndi isə söz media mənsublarınındır və düşünürəm ki, əgər sual varsa biz onu məmnuniyyətlə cavablandıra bilərik.

Əgər sual yoxdursa, düşünürəm, istər Asəf müəllim, istər İlham müəllim, istər Pərvin müəllim və həmd ə bizim web masterimiz kifayət qədər geniş məlumat verdilər. Sual yoxdursa, tədbirimizi beləcə də başa vururuq. Çox sağ olun, var olun.