az|en|ru

İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram"


scotch egg
temp-thumb
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə hazırladıqları kitab belə adlanır: İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram".

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında 2010-cu il 10 iyun tarixli Sərəncamından iyulun 22-nə - Milli Mətbuat gününədək dövlət səviyyəsində görülmüş tədbirlər barədə materiallar Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır. Milli mətbuatımızın 135 illiyinin yüksək səviyyədə və geniş miqyasda qeyd olunması Azərbaycanda fəaliyyət göstərən KİV-lər üçün dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, onların gələcək inkişafı üçün böyük perspektivlər açıb. Ümumiyyətlə, cari ilin iyul ayı Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə həsr olunub. Bütün bölgələrdə, nazirliklər və digər qurumlarda yubiley tədbirləri keçirilərək fərqlənmiş jurnalistlər mükafatlandırılıblar. Kitabın elmi məsləhətçisi və "Ön söz"ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

"Ön söz"də qeyd olunur ki, iyunun 10-da Prezident İlham Əliyev milli mətbuatımızın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamda respublikanın şəhərlərində və paytaxtda yubiley tədbirlərinin keçirilməsi, mətbuat işçilərinin mükafatlandırılması, fəxri adların verilməsi ilə bağlı bəndlər öz əksini tapıb. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı tədbirlər planında respublikanın bir sıra regionlarında toplantılar keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlərdən 6-sı Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran və Xaçmazda baş tutdu. Sonuncu tədbir isə iyulun 22-də "Gülüstan" sarayında geniş ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilib.

Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında" Sərəncama əsasən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfərə "Əməkdar Jurnalist", 15 nəfərə "Əməkdar Mədəniyyət İşçisi" və 1 nəfərə "Əməkdar Mühəndis" fəxri adları verilib. Eyni zamanda, dövlətimizin başçısının digər Sərəncamı ilə 38 nəfər "Tərəqqi" medalı ilə təltif edilib.

Prezidentin həmin tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrılıb.

Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilib, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb.

Bundan başqa, Azərbaycan Prezidenti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb.

Xüsusi vurğulamaq lazımdır ki, il ərzində jurnalistlər üçün nəzərdə tutulan müsabiqələrin sayı nəzərəçarpacaq qədər artıb, müxtəlif dövlət qurumları bu işə yaxından dəstək olublar.

Professor Əli Həsənov "Ön söz"də xüsusi qeyd edib ki, Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə medianın bugünkü vəziyyətini müsbət qiymətləndirərək deyib: "Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".

Prezident İlham Əliyev çıxışında jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyini bildirib və tövsiyələrini verərək deyib: "Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir".

Prezident dövlətin müstəqil Azərbaycan mediasının inkişafına daim dəstək olacağını vurğulayaraq, jurnalistləri vətənpərvər olmağa çağırıb.

Professor Əli Həsənov yazır ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir və ümidvaram ki, oxucuların ürəyincə olacaq.