Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə tədbir keçirib
Diskussiyanın moderatoru Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev idi. Diskussiyada Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri – dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev iştirak edirdi. Fuad Babayev: Ceyhun müəllim, bu günkü söhbətimizin mövzusu məhz rəhbərlik etdiyiniz ali məktəbin fəaliyyəti profili ilə bağlıdır. Ona görə də istərdik ki, ilk giriş sözünü də elə Siz edəsiniz. Sonra isə müzakirələrə başlayaq.
Fuad Babayev: Mən bizim bu günkü tədbirimizin şüarını səsləndirmək istəyirəm. Bu fikri ümummilli liderimiz Heydər Əliyev 29 iyul 1998-ci ildə Ukrayna kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə səsləndirib: “Uşaqlar məktəblərdə din haqqında, onun tarixi, əhəmiyyəti haqqında məlumat almalıdırlar”. Elə müzakirəmizi də bu fikir ətrafında qurmaq istərdik.
Nahid Məmmədov: Birincisi, “Həyat bilgisi” dərsliyindəki dini mövzuların genişləndirilməsi, ikincisi də ayrıca fakultətiv məşğələlərin təşkil olunması, könüllü şəkildə şagirdlərə müəyyən dini biliklərin verilməsi təklif olunur. Bunlar hələlik yalnız istəkdir, qərar hələ verilməyib. Ola bilər ki, format dəyişikliyi də olsun. Ceyhun Məmmədov: Bir neçə gün əvvəl Mübariz müəllim də mətbuatda bəyanat verdi, ümumiyyətlə, yanaşma ondan ibarətdir ki, bu gün dünyanın müxtəlif bölgələrində din ayrıca bir fənn kimi tədris olunur. Azərbaycanda bu mövzu Nahid müəllimin dediyi kimi “Həyat bilgisi” dərsliyində verilirdi. Müxtəlif dərsliklərin içərisində bu mövzu ilə bağlı müəyyən müzakirələr gedir. Amma ümumi mövqe belədir ki, bu, ayrıca bir fənn olmalıdır. Həmin fənndə şagirdlərə dinlər haqqında məlumat verilməlidir ki, gələcəkdə özlərini zərərli təsirlərdən qoruya bilsinlər. Təcrübə göstərir ki, insanlar zərərli ideologiyalara daha çox məlumatsızlıqdan və savadsızlıqdan qoşulurlar. Müəyyən insanlar ibadət qaydalarını öyrənmək istəyəndə gedib belə ideologiyanın daşıyıcılarına qoşulurlar. Ona görə də din haqqında gənclərə əvvəlcədən müvafiq bilgilərin verilməsi çox vacibdir. Biz hiss edirik ki. bu gün müəyyən zərərli cərəyanlar, təlimlər məktəbliləri də öz əhatə dairələrinə salmaq, cəlb etmək üçün çox çalışırlar. Onun qarşısını almaq üçün Təhsil Nazirliyi ilə birgə iş aparılır, müxtəlif dövlət orqanları ilə məsləhətləşmələr gedir. Mən hesab edirəm ki, məktəblərdə dini bilgilər ayrıca fənn kimi tədris olunmalıdır.
Fuad Babayev: Azərbaycanda kifayət qədər xristianlar, yəhudilər də yaşayır. Anar müəllim, təklif olunan dərslik Azərbaycanın yəqin ki, bütün dini palitrasını əks etdirməlidir, elə deyilmi?
Ceyhun Məmmədov: Fuad müəllim, Siz aktual bir məsələyə toxundunuz. Həmin dərsliklərdə yalnız bir dinin təbliğindən söhbət getmir. Bu gün Azərbaycanda xristianlığa, yəhudiliyə mənsub insanlar da yaşayır. Ona görə də bu dərslikdə söhbət məhz dinlər haqqında ümumi təsəvvür yaratmaqdan gedir. Burada söhbət şəriət ehkamlarından getmir. Yalnız dinlər haqqında, zaman-zaman din daxilində ayrılmış məzhəblər, ehkamlar haqqında məlumat verilməlidir. Əsas məqsəd şagirddə ilkin “immunitet” yaratmaqdan ibarətdir ki, onlar sabah hansısa təbliğatçının təsiri altına düşməsinlər. Fuad Babayev: Kövsər müəllim, Sizin fikirlərinizi dinləmək istərdik.
Elvüsal Məmmədov: Kövsər müəllim vaxtaşırı olaraq bəzi dairələrdə ölkənin din siyasətini tənqid edənlərə cavab verdi. Cəsarətlə deyə bilərəm ki, Azərbaycan dünyəviliyi Avropa dünyəviliyindən ciddi olaraq fərqlənir. Avropada din qorxusu var, çünki keçmişdə kilsənin əlindən çox müsibətlər çəkiblər. Kilsə xristianlığı düşüncənin, elmin qarşısını kəsən bir ideologiya idi. Və uzun müddət Avropanın qaranlıqlar içərisində qalmasına səbəb olmuşdu. Lakin İslamın tarixində bu cür presdentlər yoxdur. Fuad Babayev: Yəni Siz inkvizasiyanı nəzərdə tutursunuz? Elvüsal Məmmədov: Mən kilsə xristianlığının, papa təsisatının elmə, düşüncəyə qarşı olmasını nəzərdə tuturam. Amma İslam tarixində belə bir hadisə olmayıb. Əksinə, İslamda elmə çağırış var. Ona görə də düşünürəm ki, bizim təcrübəmizdə məsələ ölkənin gələcəyi olmalıdır. Bəzən görürük ki, kimlərinsə dinə qarşı bir qıcığı var. O insanların şəxsi dünyagörüşlərində bir din düşmənçiliyi var. Dindarlar arasında özünü göstərən problemlərdən biri isə öz məzhəbini, öz camaatını haqlı bilərək, digər müsəlmanlara düşmən kimi yanaşmaqdır. Biz bu konsepsiyaya qarşı Azərbaycan reallığında İslamın qardaşlıq anlayışını, İslamın insana baxışını, valideynə münasibətini, əxlaqi davranışı qoymalıyıq. Beləcə uşaqlarda İslamın humanistliyi haqqında bir baza formalaşacaq. Kimlərsə onları zərərli yola çəkmək istəyəndə biz 100 şagirddən 90-ı qorumuş olarıq. Bu preventiv tədbirləri görməsək isə 100 şagirddən 80-90 nəfəri mənfi istiqamətə gedəcək və sonrakı peşmançılıq fayda verməyəcək. Ceyhun Məmmədov: Fuad müəllim, mən bir məsələyə qısa şəkildə toxunmaq istəyirəm. Bu gün zaman-zaman belə bir fikir söylənir ki, Avropa yalnız xristianlığın buxovlarından azad olduqdan sonra inkişaf etməyə başladı. Dini insanların həyatından tamamilə çıxarmaq qeyri-mümkündür. Biz bunun acı təcrübəsini sovet dövründə gördük. Problemlərimizin köklərindən biri elə sovet hökumətinin dini tamamilə insanların həyatından çıxarmağa çalışması ilə bağlıdır. Buna tam nail ola bilməsələr də, onun fəsadlarını biz indi duyuruq. Məscidlər təyinatı üzrə istifadə edilmədi, din xadimləri qətlə yetirildi. Dediyim kimi, dini insanların qəlbindən tam çıxara bilmədilər, müstəqillik əldə etdikdən sonra isə insanlar yenidən dinə üz tutdular. Hərçənd biz bunun bəzi zərərlə cəhətlərini də gördük. Başqa bir mənfi cəhət dini ənənənin zəiflədilməsi, hətta qırılması oldu. Bayaq Siz görüşümüzün devizini oxudunuz. Ümummilli Liderimiz uzaqgörən bir şəxs kimi bu prosesləri izləyir və bilirdi ki, insanlara dini məlumatlar verilməlidir. Azərbaycan cəmiyyətində orta məktəbdə dini təhsillə bağlı müzakirələr zaman-zaman gedib. Bu barədə diskussiyalar gedib ki, bu dərsləri kim keçəcək, dərsliklər, məzhəb məsələsi necə olacaq. Məsələ ondadır ki, biz bu prosesə artıq başlamalıyıq. Azərbaycanda son illərdə orta məktəbdə dini dərsliklərin keçilməsi üçün dərsliklər hazırlandı və onların içərisində uyğun olanı da var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin özünün də dərslik layihəsi var və dinlər haqqında ümumi bilgilərin verilməsini nəzərdə tutur. Kadrlarla bağlı deyə bilərəm ki, Bakı İslam Universitetinin, Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin məzunları var, indi isə bizim institut fəaliyyət göstərir. Növbəti ildə bizdə dinşünas-pedaqoq ixtisasının açılması nəzərdə tutulub və bu ixtisası bitirənlər dini təhsillə məşğul olacaqlar. Yekun olaraq bu fikrə gəlirik ki, dini tamamilə qadağan etmək mümkün deyil, dini məsələlər bilavasitə dövlətin nəzarətində olmalıdır. Dini müstəvidə bilikləri dövlət özü verməlidir. Dərsliklər, kadrların hazırlanması da dövlətin nəzarətində olmalıdır və həllini tapacaq. Hər hansı işə başlayanda problemlər yarana bilər. Bununla belə tam səmimi etiraf etməliyik ki, dövlət din sahəsinə böyük qayğı göstərir. Məscid, kilsə və sinaqoqların bərpası və tikintisi, dini icmalara maddi vəsaitin ayrılması, əlamətdar tarixlərdə Azərbaycan Prezidenti İlham Əliyevin dini icmalara təbrik ünvanlaması reallıqdır. Azərbaycan İlahiyyat İnstitutunun cənab Prezidentin sərəncamı ilə yaradılması olduqca vacib və tarixi hadisədir. Bu, qarşımızda duran ən vacib məsələnin – dini durumun saflaşdırılması baxımından önəmlidir. Azərbaycandan kənarda 3000 nəfərdən artıq insan dini təhsil alıb və onların böyük bir qismi xarici təsirlərə məruz qalıblar. İndi isə dini təhsilin Azərbaycanın özündə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bütün hallarda İlahiyyat İnstitutuna qəbul olunmazdan öncə, tələbələrin düzgün dini bilik və təsəvvürlərə malik olmaları lazımlıdır və bu, onların ixtisas seçiminə də təsir göstərəcək. Düzgün və sağlam istiqamət verilməsi üçün həmin bilgilər çox əhəmiyyətlidir. Anar Qafarov: Danışdıqca gözəl nüanslar açılır. Bir məsələni qeyd etmək istərdim. Hazırki dövrdə dindarlıq məfhumu o qədər zəhərlənib ki, dindar yetişdirmək çox böyük problemə çevrilib. Azərbaycan İlahiyyat İnstitutu tarixini, ədəbiyyatını, eləcə də dinini yaxşı bilən kadrlar, Azərbaycan vətəndaşları yetişdirəcək. Ceyhun Məmmədov: Azərbaycanda dini cəhətdən təhlükə dini kimlik milli kimliyi üstələdiyində başlayıb. Hər hansı cəmiyyətdə dini kimlik milli kimliyi üstələməməlidir. Xüsusilə Azərbaycan cəmiyyətində biz bu istiqaməti qorumalıyıq. Bizi daha çox narahat edən isə bəzi hallarda milli kimliyin unudulması və ya onun sarsıdılmasıdır. Hər bir Azərbaycan vətəndaşı öz milli kimliyi ilə fəxr etməlidir. Fuad Babayev: Gürcüstanda və Ermənistanda orta məktəblərdə dini təhsil məsələsi nə yerdədir? Nahid Məmmədov: Gürcüstanda kilsə ilə dövlət arasındakı anlaşmaya görə, hətta kilsənin dövlətə müdaxiləsi də mümkündür. Kilsənin həm orduda, həm parlamentdə, həm də təhsil müəssisələrində təsir imkanları çox genişdir. Təbii ki, təhsil müəssisələrində də din tədris olunur. Ceyhun Məmmədov: Üç ölkə – Azərbaycan, Gürcüstan və Ermənistan arasında müqayisə aparanda Gürcüstanda gürcü-pravoslav, Ermənistanda isə erməni-qriqorian kilsəsinin üstünlüyü açıq şəkildə vurğulanır. 1995-ci ildə konstitusiya qəbul ediləndə bu məsələ Azərbaycanda da çox geniş müzakirə olundu. O vaxt elə insanlar vardı ki, konstitusiyada İslamın Azərbaycanda hakim mövqeyə malik din olduğunu vurğulamağa çalışırdılar. Lakin Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Konstitusiyada Azərbaycanda bütün dinlərə bərabər şəraitin yaradıldığı və dinlərin bərabər hüquqa malik olması, dünyəvi dövlət, dinin dövlətdən ayrı olması haqqında müddəalar təsbit olundu. Ermənistan və Gürcüstan konstitusiyalarında isə dinin hakim mövqeyə malik olması əksini tapdı. Ermənistan və Gürcüstanda şagirdlər və tələbələrlə kilsələrdə görüşlər keçirilir, onların dinlərinin əsas məqamları dərsliklərə salınır. Ermənistanın bu gün həyata keçirdiyi siyasətdə də kilsə aktiv rol oynayır. Ermənistanda xüsusilə başqa dinlərə qarşı çox dözümsüz münasibət var. Hazırladı: Gündüz Nəsibov, 1905.az
* * * Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birgə tədbir keçirib. Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin dosentləri Elvüsal Məmmədov, Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında geniş diskussiya aparılıb. Tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Azərbaycan dövlətinin gənc nəslin sağlam ruhda böyüməsinə, savadlı və bilikli yetişməsinə xüsusi önəm verdiyini bildirən diskussiya iştirakçıları dünyəviliyi, modernləşməni qəbul etmiş ölkəmizdə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda dini radikalizmin izlərinə, demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmə aparılmasının zəruriliyi ortaya çıxır. Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr yaranır. Bu səbəbdən, dünyanın inkişaf etmiş aparıcı ölkələrindəki kimi, orta məktəblərimizdə din haqqında ümumi məlumatların, İslam dininin olduğu kimi sağlam təməllər üzərindən tədris edilməsi vacib tələbə çevrilib. Qeyd olunub ki, Aİİ-nin yaradılması dövlət müstəqilliyimizin bərpasından sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir. Məlumat üçün bildirək ki, bu ali məktəb Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-nin əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir. https://azertag.az/xeber/1192158 |
