az|en|ru

Heydər Əliyev irsinin tədqiqi və tətbiqi işinə layiqli töhfə


 

 
 
 
 
 
İllər ötdükcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə, onun zəngin irsinə olan maraq daha da artır. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası ilə tanış olduqdan sonra ilk qənaətim belə oldu.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası ilk tanışılıqdan diqqətimi cəlb edib. Zəngin və məzmunlu kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxsaylı əsərlərinin müxtəlif bölümlər üzrə yerləşdirilməsi oxucuların bu və ya digər sənədi asanlıqla tapmasına imkan verir. Kitabxanada dövlət quruculuğunun bütün sahələri demək olar ki, öz əksini tapıb. Kitabxananın "Oxuculara müraciət" bölümündə deyildiyi kimi, bütün bu əsərlər politoloqlar, iqtisadçılar, jurnalistlər və Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan insanlar üçün çox qiymətli mənbədir.

Ən maraqlısı və vacibi isə budur ki, bu əsərlər iyirmi beş dildə dünyaya yayımlanır. Kitabxananın dilləri məntiqi surətdə seçilib. Burada Azərbaycan dili, BMT-nin əsas dilləri (ingilis, rus, fransız, ispan, ərəb və Çin) ilə yanaşı, region dövlətlərinin dilləri (fars, türk, gürcü), əhalisinin sayına görə dünyanın ən böyük müsəlman dövlətlərinin dilləri (İndoneziya, urdu), əhalisinin sayına görə lider dövlətlərdən olan ölkələrin dilləri (hind, yapon), Avropanın öncül ölkələrinin dilləri (alman, polyak, çex, holland, italyan, portuqal, yunan, macar, bolqar və Ukrayna) və nəhayət, dünyanın ən qədim dillərindən olan ibri dili yer alıb.

Hər bir sənəd üçün tarixi arayışların, indekslərin yazılması da Azərbaycan saytları üçün yenilikdir. Kitabxananın bütün strukturundan göründüyü kimi, burada əsil peşəkarlar cəmləşib.

Bu günlərdə isə kitabxananın yeni, növbəti uğurlu layihəsi ilə tanış oldum. Nəfis tərtibatla buraxılmış "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabı şübhə etmirəm ki, hər bir azərbaycanlının stolüstü kitabı olmağa layiqdir. Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövllət dillərində də işıq üzü görən kitaba xalqımızın ümummilli lideri Heydər Əliyevin ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərindəki çıxışları daxil olub.

Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılmaması, hadisələrin obyektiv mənzərəsinin bir çox ermənipərəst dairələr tərəfindən qəsdən təhrif olunması, Azərbaycanın informasiya blokadasında saxlanılması səbəbləri bu problemə uzun müddət düzgün və operativ münasibətin formalaşdırılmasına imkan verməyib. Ermənistan-Azərbaycan münaqişəsinin ilk dövrlərindən dünya birliyinə daxil olan ölkələrdə belə bir yanlış təsəvvür yaranmışdı ki, bu müharibə regional qarşıdurma xarakteri daşıyır.

Elə Heydər Əliyevin qarşısında duran əsas məsələlər məhz Azərbaycanı informasiya blokadasından çıxarmaqdan, münaqişə barəsində həqiqəti dünyaya çatdırmaqdan ibarət idi. Məhz Heydər Əliyevin ATƏT-in zirvə toplantılarında iştirakı və çıxışları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin bütün dünyaya çatdırılmasında, münaqişənin həlli prinsiplərinin müəyyən edilməsində mühüm rol oynayıb. Heydər Əliyev bütün görüşlərində, o cümlədən də ATƏT-in zirvə görüşlərində dövlətimizin və xalqımızın haqlı tələbini bəyan edib.

1994-cü ilin dekabrında Budapeştdə keçirilmiş Zirvə görüşündə Heydər Əliyev üzv dövlətlərin rəhbərlərini təcavüzkarın mənafeyi ilə onun qurbanlarının mənafeyi arasında tarazlıq yaratmamağa çağırıb. Heydər Əliyevin səyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri təsisatı yaradılıb ki, bu da vasitəçilərin fəaliyyətindəki rabitəsizliyi aradan qaldırıb.

ATƏT-in Lissabon sammitində Heydər Əliyevin fəaliyyəti tarixə Azərbaycan diplomatiyasının uğuru kimi daxil olub. Məhz Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində Dağlıq Qarabağ münaqişəsinin məşhur üç prinsipi qəbul olunub. Zirvə görüşündəki çıxışında çox sərt şəkildə "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" deyən Heydər Əliyev ölkəmizin qəti mövqeyini bütün dünyaya bəyan edib. O, bu ifadə ilə həm də tarixi Azərbaycan ərazisində artıq bir erməni dövlətinin yaranmasına işarə edir. Ermənistan prezidenti Zirvə görüşünün yekun sənədinə münaqişənin həlli prinsipləri ilə bağlı bəndin salınmasına veto qoyduqdan sonra, Heydər Əliyev dünya təcrübəsində ilk dəfə olaraq ATƏT-in bütün yekun sənədinə veto tətbiq edib. Heydər Əliyev sənədin qəbulu üçün konsensus verməməklə, bütün dünyanın diqqətini yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Bu hadisə həm də Azərbaycanın informasiya blokadasından çıxarılması istiqamətində dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, münaqişənin həlli prinsiplərinin ATƏT sədrinin bəyanatına salınmasına və bu bəyanatın yekun sənədləri sırasına daxil edilməsinə nail olan Heydər Əliyev iclasdan dərhal sonra bir neçə televiziyaya müsahibə verib, zirvə görüşünü işıqlandıran jurnalistlər üçün mətbuat konfransı keçirib.

Heydər Əliyevin zəngin dövlətçilik və diplomatik təcrübəsi, şəxsi nüfuzu, incə və düşünülmüş siyasi xətti sayəsində ATƏT-in İstanbul sammiti də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdar çıxıb.

"Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabını oxuduqca Heydər Əliyev dühasının böyüklüyünə, onun düşünülmüş siyasi addımlarına, dövlət başçısı kimi qətiyyətinə, sərkərdə kimi cəsarətinə, diplomat kimi cavablarına, əsil el atası kimi milləti uğrunda hər cür cəfaya hazır olmağına valeh olmaya bilmirsən. Heydər Əliyev erməni tərəfini ittiham edir: "Ermənistan Respublikası BMT nizamnaməsinə, ATƏT-in prinsiplərinə, beynəlxalq hüquqa əsaslanan hər hansı bir qərarın qəbulundan boyun qaçırmaqda davam edir". Dağlıq Qarabağ münaqişəsinin uzanmasının həm Azərbaycan, həm də erməni xalqına məşəqqətlər gətirdiyini vurğulayır: "Erməni tərəfi nəhayət, başa düşməlidir ki, onun başladığı və səkkiz ildir davam edən münaqişə Azərbaycan xalqını çox böyük fəlakətlərə və iztirablara məruz qoyduğu kimi, erməni xalqını da ağır vəziyyətə salmışdır". Heydər Əliyev xəbərdarlıq edir: "Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir". Müraciətini dünya birliyinə ünvanlayır: "Dünya birliyi münaqişənin aradan qaldırılmasına dair bəyan edilmiş prinsipləri ardıcıl surətdə və qətiyyətlə müdafiə etməlidir". ATƏT tribunasından ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edir: "Minsk qrupunun həmsədrləri Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplərin həyata keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq göstərməmişlər". Həm ittiham, həm xəbərdarlıq, həm də tənqid edəndə Heydər Əliyev öz xalqının mənafeyindən çıxış edir, onu var qüvvəsi ilə qoruyur.

Heydər Əliyev münaqişənin əsil mahiyyətini tarixi həqiqətlərə söykənən inandırıcı faktlarla izah edir, diqqəti Azərbaycan xalqının üzləşdiyi məhrumiyyətlərə yönəldir.

Kitabın daha bir maraqlı bölümü "Təcavüzkarın dəst-xətti"dir. Bu bölümdə yalnız faktlar "danışır". Bu bölümdə "əzabkeş erməni millətinin" siması görünür. Terroru dövlət səviyyəsinə yüksəldən erməni rəhbərlərinin cinayətkar əməlləri sayəsində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız milli faciə və məşəqqətlərə məruz qalıb.

Bu gün Heydər Əliyevin münaqişənin Azərbaycan xalqı ilə yanaşı, erməni xalqına da məşəqqətlər gətirdiyi barədə xəbərdarlığı çox böyük reallığı əks etdirir. Heydər Əliyev işinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı səmərəli və məqsədyönlü siyasət nəticəsində Ermənistan regional layihələrdən təcrid olunub. Azərbaycan artıq regionda əsas söz sahibinə çevrilib, ölkəmizin iqtisadi qüdrəti hər ötən gün daha da artmaqdadır. İlham Əliyevin böyük dövlətlərin və beynəlxalq təşkilatların Ermənistana təzyiqlərinin artırılmasına istiqamətlənən xarici siyasəti daha da gücləndirilib. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən böyük olması üçün əhəmiyyətli addımlar atılır. Dövlət başçımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin diplomatik, siyasi, iqtisadi və hərbi amillərlə müəyyənləşəcəyini bildirib və Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə qadir olduğunu vurğulayıb.

Diqqətəlayiq haldır ki, "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar siyasəti də öz əksini tapıb.

Bütün bu söylənilənlər baxımından hesab edirəm ki, haqqında danışdığım kitab doğrudan da "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının növbəti uğurudur. Mən bu münasibətlə kitabın elmi məsləhətçisi akademik Asəf Nadirovu, buraxılışa məsul olan Vurğun Süleymanovu və kitabın bütün yaradıcı kollektivini təbrik edirəm.

Zirvəni görmək üçün ona bir qədər kənardan baxmaq lazımdır. Heydər Əliyevin əsərlərini oxuduqca onun böyüklüyünü bir daha kəşf edirsən. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası bu əsərləri hər gün dünyanın yüzdən artıq ölkəsində minlərlə oxucuya çatdırır.

Dünya siyasət tarixinə adı əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyev özündən sonra böyük bir irs qoyub. Bu zəngin və çoxcəhətli irsin həm tədqiqi, həm də gündəlik həyatımıza tətbiqi son dərəcə zəruri məsələdir. Çünki Heydər Əliyevin hər günü, hər saatı xalıqımızın bu gününə və sabahına, dövlət müstəqilliyimizin qorunub saxlanmasına, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına həsr edilib.
 

Cəmil Quliyev

Azərbaycan MEA-nın akademiki, əməkdar elm xadimi,

"İstiqlal" ordeninin kavaleri.