Azərbaycan milli mətbuatının yaradılmasının ildönümü ilə əlaqədar "135 illik yol" adlı kitab nəşr olunub
Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi və "Kaspi" qəzeti milli mətbuatımızın 135 illiyi ilə bağlı kitab nəşr edib. APA-nın məlumatına görə, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab "135 illik yol" ("Road of 135 years") adlanır.
Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazdığı ön sözündə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoyub. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirib. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır. Kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir. |