az|en|ru

"Azərbaycan İslam Konfransı Təşkilatının sıralarında" kitabının təqdimat mərasimi olmuşdur


6 may 2008-ci ildə "Park İnn - Azərbaycan" otelinin "Dan ulduzu" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr etdiyi "Azərbaycan İslam Konfransı Təşkilatının sıralarında" (İslam Konfransı Təşkilatının Kasablanka (1994-cü il), Tehran (1997-ci il), Məkkə (2005-ci il) və Dakar (2008-ci il) Zirvə görüşlərinin və Xarici İşlər Nazirləri Şurasının 33-cü Bakı sessiyasının (2006-cı il) materialları əsasında) kitabının təqdimat mərasimi olmuşdur. Kitab Azərbaycan dili ilə yanaşı, İKT-nin rəsmi işçi dillərində - ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur.

Təqdimat mərasimində dövlət yetkililəri, alimlər, xarici ölkə səfirləri, ölkə ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak etmişdir.
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayevin giriş sözü ilə açdığı mərasimdə Mərkəzin Elmi-Redaksiya Heyətinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Asəf Nadirov, akademik Teymur Bünyadov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi Cavanşir Axundov, Azərbaycandakı ərəb və İslam ölkələri səfirliklərinin rəhbəri, Misirin ölkəmizdəki səfiri Yusif İbrahim əl-Şərkavi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru professor Rasim Nəbiyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli, professorlar İzzət Rüstəmov, Dünyamalı Əhmədov, "ASSA-İradə" İnformasiya Agentliyinin direktoru Fazil Abbasov, yazıçı Aydın Xan və başqaları çıxış etmişdir. Çıxışçılar "Azərbaycan İslam Konfransı Təşkilatının sıralarında" kitabının əhəmiyyətindən bəhs etmiş və onu Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu nəşri kimi səciyyələndirmişlər.