az|en|ru

HEYDƏR ƏLİYEV – 95 (Birinci söhbət)


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ( aliyevheritage.org ) və 1905.az portalının birgə layihəsi

Ümummilli liderimiz Heydər Əliyevin ATƏT-in Budapeş, Lissabon və İstanbul sammitindəki fəaliyyətindən danışdıq. Qonaqlarımız Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir idi.

Fuad Babayev: 2004-cü ildən bəri Heydər Əliyev İrsini Araşdırma Mərkəzi fəaliyyətdədir və bizim ilk böyük nəşrimiz “Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” kitabıdır. Bu kitabı biz 4 dildə – Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa Respublikasının dövlət dillərində buraxdıq. Burada söhbət ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərindən gedir. Əvvəlcə mən istərdim yaddaşımızı təzələyək. Ümumilikdə bizim yaddaşımızda bu sammitlər necə qalıb?

Elşad Mirbəşir: Həqiqətən mən Sizə çox təşəkkür edirəm ki, belə bir mövzuya toxunursunuz. Təbii ki, qarşıdan ümummilli liderimizin 95 illiyi gəlir. Bu ərəfədə bizim dar çərçivədə də olsa, bu  söhbətimizin çox böyük əhəmiyyəti var. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qeyd etdiyiniz sammitlər çərçivəsində həlli istiqamətində müzakirələrin aparılması haqqında danışmazdan öncə, qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi, ümumiyyətlə, Azərbaycanın Cənubi Qafqazda cərəyan edən münaqişəli proseslərə cəlb olunmasının tarixi çox təəssüf ki, elə müstəqil dövlətimizin tarixinə bərabərdir. Müstəqilliyini elan edən kimi Azərbaycan özünü bu münaqişənin içində gördü. Bununla belə, bizim xoşbəxtliyimiz ondan ibarət oldu ki, Azərbaycana sahib çıxan tapıldı. Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsəydi, həmin dövrdəki şərtlər daxilində əminliklə deyirəm ki, Azərbaycan adlı respublika olmayacaqdı. Azərbaycanın taleyi həll olunmuş sayılırdı. Ermənilərə hərbi dəstək, Azətbaycanda ciddi xaos, qarşıdurmalar, hərbiləşmiş cinayətkar dəstələr var idi.

Fuad Babayev: Yəni ölkədə digər separatizm meylləri də aşkar duyulurdu.

Elşad Mirbəşir: Tamamilə doğrudur, çox düzgün qeyd etdiniz. Şimaldan, cənubdan, daxildə də hakimiyyət uğrunda mübarizə  aparan öz “qoçaq”larımız təbii ki, artıq respublikanın gələcəyini şübhə altına alırdılar. Bu baxımdan bir şeyə diqqət yetirmək istəyirəm. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və o fəaliyyətinin üç istiqamətini müəyyənləşdirdi. Mən öz şüurumda bu cür canlandırıram və öz  kitabımda da qeyd etmişəm – üç istiqamətli  inkişaf strategiyası. Hər şeydən öncə Azərbaycanda sabitlik yaradıldı. Heydər Əliyev hamıya sübut etdi ki, sabitlik olmadan nə iqtisadi sistem formalaşdırılmasından, nə də təhlükəsizlik məsələlərindən danışmaq üçün əsas yoxdur. Sabitlik yaradıldıqdan sonra Azərbaycanın iqtisadi sistemi formalaşdırılmağa başladı və  bunun ardınca da artıq Azərbaycan müstəqil xarici siyasətini həyata keçirməyə başladı. Beynəlxalq münasibətlərə dair bir çox nəzəriyyələr mövcuddur. Bu  nəzəriyyələri yaradanlardan biri də Raymon Arondur. Rayman Aron   müharibə  və sülh nəzəriyyəsinin əsasını qoyanlardan biridir və o, deyirdi ki, əgər diplomatiyanın, xarici siyasətin arxasında real hərbi güc dayanırsa, onda o xarici siyasət keçərli olacaq. Arxasında ordu olmayan siyasət, xarici siyasət deyil. Güclü ordu iqtisadiyyata əsaslanır, güclü iqtisadiyyat isə sabitliyə. 1993-94-cü illərdə, çox qısa bir zaman kəsiyində atılmış addımlar Azərbaycanda elə həmin dövrdən başlayaraq öz təsirini aydın  göstərməyə başladı. Biz onu həm Azərbaycanın xarici siyasətində, həm də daxili, ictimai-siyasi və iqtisadi münasibətlər sistemində də görməyə başladıq. 1994-cü ildə  Atəşkəs rejimi haqqında “Bişkek  protokolu” imzalandı. Mən bunları qeyd etməklə məsələni sizin sualınızın  üzərinə gətirmək istəyirəm. “Bişkek  protokolu” imzalanmamışdan əvvəl onun ətrafinda çox ciddi, qızğın,  hətta deyərdim ki, qarşıdurma şəraitində müzakirələr getdi. Heydər Əliyev o protokolun mətnini əvvəlcə qəbul etməmişdi. Bir neçə dəfə onu geri qaytarmışdı. Çünki protokolda Azərbaycanın münaqişəli əraziləri kimi bir ifadə var idi. Heydər Əliyev dedi ki, orada Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ifadəsi qeyd olunmalıdır. Təsəvvür edin ki, bu nə qədər böyük, Azərbaycanın gələcəyinə hesablanmış bir addım idi. Protokolda digər məqamlar da var idi, tutaq ki, sülhməramlıların yerləşdirilməsi ilə bağlı. Bu baş tutsaydı, gələcəkdə Azərbaycan üçün sözün həqiqi mənasında baş ağrısına çevriləcəkdi. Bütün bu məqamların hamısını incəliklə aradan qaldıran, böyük diplomat kimi, konflikt yaratmadan, səbirlə, təmkinlə həyata keçirən Heydər Əliyev idi. Xalq üçün, gənc Azərbaycan dövləti üçün bundan böyük töhfə ola bilərdimi, həmin dövrdə. Biz Atəşkəs rejimini əldə etdik. Atəşkəs dövründə əldə etdiklərimizi bu gün saymaqla qurtarmaq olmaz. Ardınca isə münaqişənin tənzimlənməsi  məsələsinin müzakirə olunduğu, Sizin də xatırlatdığınız sammitlər baş tutdu. Budapeşt sammitində müzakirə nisbətən sönük keçdi. Münaqişənin tənzimlənməsi istiqamətində Azərbaycan tərəfinin  gətirdiyi arqumentlər kifayər qədər tutarlı idi. 1994 və 1995-ci illərdə BMT Baş Məclisinin 49-cu  və 50-ci sessiyaları keçirilirdi. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən ümummilli lider Heydər Əliyev BMT tribunasından Azərbaycanın haqq səsini  ilk dəfə dünya ictimaiyyətinə çatdırdı. Sözün həqiqi mənasında tələb formasında çağırış etdi ki, bu məsələnin həll edilməməsi bütövlükdə  Cənubi Qafqazda təhlükəsizlik sisteminin yaradılmasına imkan verməyəcək. Bu münaqişənin tənzimlənməsi enerji sahəsində marağı olan tərəflərin, Cənubi Qafqazda nəqliyyat  sahəsində marağı olan tərəflərin problemidir.

Fuad Babayev: Bu çağırış artıq “Əsrin Müqaviləsi”nin imzalanmasından sonrakı mərhələyə təsadüf edirdi.

Elşad Mirbəşir: Bəli, həmin dövrdə də bildiyiniz kimi, çox əlamətdar proseslər gedirdi. Çünki biz artıq öz iqtisadi  sistemimizi formalaşdırırdıq. Bu isə həmin dövrdə enerji amilindən birbaşa asılı idi. Eyni zamanda regionda gerçəkləşdirilən enerji layihələri də Cənubi Qafqazın Rusiyanın təsir orbitindən qoparılmasının ən işlək variantı idi. O layihələrin bizim regionda həyata keçirilməsi, Azərbaycanın bunun əsas bəndi olması Heydər Əliyevin fəaliyyətinin birbaşa nəticəsi idi. Həm də həmin dövrdə Heydər Əliyev bu amildən çox böyük ustalıqla  münaqişənin tənzimlənməsi məsələsində istifadə edirdi. 1996-cı ildə isə ATƏT-in  Lissabon sammiti keçirildi. Lissabon sammiti ərəfəsində dünya tarixində görünməmiş bir hadisə müşahidə olunurdu. Heydər Əliyev sammitdən on – on beş gün qabaq sammitdə iştirak edəcək dövlətlərin  dövlət və hökumət başçılarına bir-bir məktub göndərmişdi. O məktublarda çox böyük səbirlə Azərbaycanın mövqeyinin çatdırır, ərazilərimizin işğal olunduğunu vurğulayırdı. Dövlət və hökumət başçılarına Azərbaycanın mövqeyinin ədalətli olduğunu çatdırır və bu mövqeyin dəstəklənməsini istəyirdi. Elə sammitdəki müzakirələrin dinamikası, Azərbaycanın mövqeyinin dəstəkləyənlərin sayının kifayət qədər geniş olması ona görə idi ki, Heydər Əliyevin atdığı o preventiv addım öz təsirini göstərmişdi. İstanbul sammitində Azərbaycan özünü daha sərbəst aparırdı. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində tutarlı addımlar atmış, öz potensialını ortaya qoymuşdu. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın kifayət qədər oturuşmuş mövqeyi də var idi. Bu da çox önəmli bir məsələ idi. Həmin dövrə kimi informasiya müstəvisində də biz kifayət qədər böyük  işlər görmüşdük. Elə bir  mötəbər  tədbir olmamışdı ki,orada ümummilli lider hər şeydən öncə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi  məsələsini müzakirəyə çıxarmamış olsun. Həm Budapeşt, həm Lissabon, həm də İstanbul sammitlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi digər məsələlərlə yanaşı, çox ciddi müzakirə obyekti oldu. Ən əsası isə Azərbaycan öz mövqelərini çatdırdı. Yəni Azərbaycan özünün haqlı mövqeyinin bünövrəsini  məhz həmin sammitlərdə qoydu.

Fuad Babayev: Vüqar müəllim, sizi dinləyək.

Vüqar Rəhimzadə: Mən də dəvət üçün təşəkkür  edirəm. Sizin saytınızı və ümumiyyətlə faəliyyətinizi izləyirəm. Hesab edirəm ki, Azərbaycan tarixi, cəmiyyəti üçün kifayət qədər önəm kəsb edən mövzulara toxunursunuz və bu, vacib məsələlərdən biridir. Bu günkü mövzuyla da bağlı çox hörmətli Elşad müəllim  yaxşı danışdı və düşünürəm ki, öz fikirlərini  kifayət qədər ətraflı, məzmunlu  ifadə edə bildi və mən də bu fikirlərlə tam razıyam. Ümumiyyətlə Azərbaycanın bu gün və elə yaxın 20-30 il ərzində də ən ümdə məsələsi təbii ki, Dağlıq Qarabağ problemidir. Birmənalı şəkildə həm ölkənin, dövlətin və dövlət başçısının siyasətində bu problem önəmli yer tutur. Burada deyildiyi kimi, doğrudan da 1990-cı illər Azərbaycanın tarixində, azərbaycanlıların taleyində ağrılı, acılı, eləcədə taleyüklü məqamlarla zəngindir. Mən  1990-cı ildə ulu öndərimiz  Heydər Əliyevdən  ilk dəfə müsahibə götürmüşəm. Elə müsahibənin başlığını da belə qoymuşdum – “Ən ümdə məsələ Dağlıq Qarabağ  məsələsidir”. 1990-cı ildə deyilmiş bu fikir doğrudan da Heydər Əliyev kimi böyük dahi şəxsiyyətin, böyük siyasətçinin, dövlət adamının ümdə məsələ kimi Dağlıq Qarabağa prioritet verdiyinin göstəricisiydi. Elşad müəllimin də qeyd etdiyi kimi, siyasi sabitlik olmadan hansısa uğurdan danışmaq mənasız idi. Ölkənin tərəqqisi və cəmiyyətin inkişafı üçün ilk növbədə siyasi sabitlik olmalıdır. Siyasi sabitlik olmadan ölkənin iqtisadi gücünün, siyasi təsirinin artırılmasından, hansısa investisiyanın cəlb olunmasından söhbət gedə bilməz. 1993-cü ilin yayına qədər qədər ölkədə olan ağrılı-acılı günlər ümumiyyətlə xaos, halimiyyətsizlik böhranı Azərbaycanın müstəqilliyinin əldən getməsi üçün kifayət qədər böyük zəmin yaratmışdı. Birmənalı şəkildə vətəndaş müharibəsi başlamışdı. Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana qayıdışı ölkə vətəndaşlarının sabaha olan ümidini özlərinə qaytardı. Azərbaycanın dövlət müstəqilliyinin təməl prinsiplərini müəyyən etdi. Müstəqilliyin ən böyük atributlarından biri ordunun mövcudluğudur. Heydər Əliyevin  Azərbaycanda 1993-cü ilin ortalarında  hakimiyyətə qayıdışı ilə Azərbaycanda ilk növbədə sabitlik bərqərar olundu. Mən mətbuat işçisi kimi bir neçə dəfə ulu öndərimizlə xarici səfərlərdə olmuşam. Hansı ölkəyə gedirdisə,  ilk növbədə  o ölkədə yaşayan azərbaycanlıları ətrafına toplayırdı, onların qarşılarına çıxan problemləri dinləyirdi. O diasporun formalaşmasına böyük təkan verdi. Heydər Əliyev tərəfindən sabitliyin yaradılması, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müstəqillik tarixində, iqtisadi inkişafın  təməl prinsiplərini müəyyən edən tarixi bir gün idi. ATƏT-in Lissabon sammiti çox tarixi bir hadisə idi. Dünyada siyasi güclərin, siyasi qüvvələrin və bütövlükdə dünya ölkələrinin, aparıcı ölkələrin Azərbaycana hələ inamı olmadığı bir dövrdə Lissabon sammitində Azərbaycan üçün həqiqətən tarixi qərarın qəbul edilməsi ölkəmizin böyük bir  siyasi qələbəsinin, dünya birliyində qələbəsinin təzahürü idi.  İstanbul sammiti də Azərbaycan üçün səmərəli qanunların qəbul edilməsi baxımından əlamətdar sayılmalıdır. Mən düşünürəm ki, Azərbaycanın qüdrəti, gücü, dünya birliyində artan nüfuzu,  iqtisadi çəkisi məhz o gərgin illərin məntiqi nəticəsidir və Heydər Əliyevin çox gərgin əməyinin  məhsuludur.

Fuad Babayev: Məni düşündürən bir məsələ də var. Vüqar müəllim qeyd etdi ki, ümummilli liderimizdən müsahibə alıb, onu müşahidə edən jurnalist  qrupunun tərkibində xarici ölkələrdə bilavasitə Heydər Əliyevin diasporla görüşlərinin şahidi olub. Bizim siyasətşünaslıq, dissertasiyalarda, elmi məqalələrdə bax bu böyük, siyasi, tarixi kapitalı hansısa formada təhlil edə bilirmi? Necə düşünürsünüz, bütün bunlar təhlil olunubmu?

Elşad Mirbəşir: Həqiqətən də çox maraqlı və yerində olan bir sualdır. Hər şeydən öncə, qeyd etməliyəm ki, bütövlükdə bütün istiqamətlərdə Heydər Əliyev irsini tədqiq etmək  bizim borcumuzdur. Çünkü müasir Azərbaycanın banisi Heydər Əliyevdir və bu sadə ifadə deyil. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Heydər Əliyev fəaliyyətinin araşdırılması çox aktual mövzulardandır və bu istiqamətdə araşdırma aparan tədqiqatçılardan biri də mənəm. Qeyd etmək istərdim ki, mənim monoqrafiyam “Biz Azərbaycan ərazisində ikinci bir Erməni dövlətinin yaranmasına yol verə bilmərik” ifadəsi ilə başlayır. Bu monoqrafiya on il bundan öncə,  2008-ci ildə çap olunub. Doktorluq dissertasiyamın bir fəsli də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Heydər Əliyevin fəaliyyəti“ adlanır. Böyük bir qismi Heydər Əliyevin bu istiqamətdə fəaliyyətinə həsr olunub, araşdırıb, ortaya çox maraqlı faktlar qoymuşuq. Təsəvvür edin ki, müstəqilliyinə yeni qovuşmuş, qeyd etdiyimiz, eləcə də sosial-iqtisadi xarakterli problemlərin çoxluq təşkil etdiyi bir ölkəyə rəhbərlik edən insan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini 465 görüşdə müzakirə edib. Təbii ki, Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini siravi, sadə  insanlarla müzakirə  etməyib, dövlət rəhbərləri, müxtəlif xidmətlərin başçıları, beynəlxalq təşkilatların tanınmış nümayəndələri, dünya ölkələri xalqlarının liderləri ilə müzakirələr aparıb. Bu görüşlərin hər birində yorulmadan Azərbaycanın ərazilərini təsvir edib, göstərib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri çatdırıb. Obyektiv informasiyanı əsaslandırılmış şəkildə çatdırmağın özü sözün həqiqi mənasında böyük istedad tələb edir.

Fuad Babayev: Həm də elə bir auditoriyaya ki, əslində bizim dövlət maraqlarına daban-dabana zidd olan yanaşma sərgiləməyə hazırdır.

Elşad Mirbəşir: Bəli, bəzən  elə insanlar  var idi ki, məqsədli şəkildə ağda qara axtarmaq prinsipi ilə  Azərbaycanda hansısa qəbahətlər axtarmağa çalışıb və Heydər Əliyev bu insanlara sübut edir ki, onların da maraqlarının olduğu bu regionda sabitliyin, təhlükəsizliyin təminatçısı Azərbaycandır. Təbii ki, bu qeyd etdiklərim Heydər Əliyevin fəaliyyətinin çox az bir qismidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə gəldikdə, Vüqar müəllim çox doğru qeyd etdi ki, Heydər Əliyev  dəfələrlə demişdi ki, onun ən böyük, ən ümdə vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Ərazi dövlətin üç əsas əlamətindən biridir. Əhali, hakimiyyət, ərazi – bunların biri  olmadan dövləti tam oturuşmuş bir dövlət kimi təsəvvür etmək çətindir. Heydər Əliyev də Azərbaycan dövlətçiliyinə sədaqətini, Azərbaycan xalqına bağlılığını nümayiş etdirirdi. Bu insan sözün həqiqi mənasında canını qoydu bu işdə, Azərbaycanın ərazi bütövlüyünün  təmin olunması istiqamətində. Bu gün bəlkə də bu sözlərimə kimsə şübhə ilə yanaşa bilər ki, bəs axı ərazi bütövlüyümüz təmin olunmadı. Amma mən əmin edirəm ki, elə tutarlı addımlar atılıbdır  ki, Azərbaycanın ərazi bütövlüyü heç şübhəsiz təmin olunacaq. Mən münaqişə sahəsini araşdıran, konfliktalogiya ilə məşğul olan  bir  adamam. Dünyada elə bir etno-milli, etno-ərazi zəminində baş vermiş münaqişə tapmaq mümkün deyil ki, beş ilin, on ilin içərisində həllini tapsın. Etno-milli, etno-ərazi zəminində baş verən münaqişələr əlli il, yüz il davam edir.

Vüqar Rəhimzadə: Mən Elşad müəllimin bu fikrinə dəstək olmaq istərdim.  Elşad müəllim doğrudan da  çox düzgün qeyd etdi və mənim də şübhəm yoxdur ki, bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Mənim buna qətiyyən şübhəm yoxdur. Bir məsələni vurğulamaq istərdim. İndi görün bizi o illərdə ulu öndərimiz nə qədər təhlükələrdən uzaqlaşdırıb, hətta Siyasi Büronun üzvü olduğu o illərdə hansı təzyiqlərin qarşısını alıb. Təsəvvür edirsinizmi, Heydər Əliyev ikinci dəfə hakimiyyətə ümumiyyətlə qayıtmasaydı, o boşluqdan kimlər və necə istifadə edə bilərdilər.  Heydər Əliyev öz nüfuzundan, əlaqələrindən istifadə etməklə Azərbaycanı gözləyən təhlükələri dəf edib.

Fuad Babayev: Mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi tamam olur.

Vüqar Rəhimzadə: Ümumiyyətlə bilirsiniz ki, 95 illik və eyni zamanda Cümhuriyyətin 100 illiyi cənab prezidentin sərəncamı əsasında qeyd olunur. Şübhə etmirəm ki, aidiyyatı dövlət qurumları zirvə tədbiri keçirəcəklər. Eyni zamanda  mən o fikirdəyəm ki, Heydər Əliyev haqqında elə kitablar yazılmalıdır ki, həm sanbalına, çəkisinə, nüfuz dairəsinə görə təsir gücü çox güclü olsun. Əvvəllər müəyyən kitablar yazılıb. Mən hesab edirəm ki, dəyəri, qiyməti kitabın mahiyyətinə uyğun vermək lazımdır. Heydər Əliyev adi bir insan deyil.  Heydər Əliyev Azərbaycanın qurucusudur. Azərbaycanın adı çəkiləndə Heydər Əliyevin adı çəkilir. Heydər Əliyev dövlət üçün, vətəndaşlar üçün, hamımız üçün misilsiz şəxsiyyətdir. Ona görə də Heydər Əliyevin 95 illiyi çox yüksək səviyyədə qeyd olunmalıdır. Düşünürəm ki, aidiyyatı təşkilatlar, aidiyyatı qurumlar tərəfindən müxtəlif kitablar nəşr olunacaq, eyni zamanda çox yüksək səviyyədə, dövlət səviyyəsində yəqin ki, tədbirlər reallaşacaq. O ki, qaldı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdirdiyi “Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verə bilmərik” kitabına, düşünürəm ki, bu kitab Azərbaycan tarixi, Azərbaycan cəmiyyəti üçün, hər bir fərd üçün çox böyük bir mənbədir. Bu kitabla tanış olan hər bir xarici araşdırmaçının Azərbaycan haqqında, Azərbaycan dövləti haqqında, dövlətçiliyimiz haqqında, ulu öndərimizin etdikləri ilə bağlı kifayət qədər zəngin təəssüratı və təsəvvürü yaranar. Düşünürəm ki, belə sanballı kitablar, əsərlər yazılmalıdır ki, tarix üçün böyük  bir mənbə olsun.

Fuad Babayev: Bizim beynəlxalq icmalçılarımıza, sosial şəbəkələrdə fəal olan insanlara tövsiyənizi bilmək istərdik. Bu mövzunu təhlil etmək üçün tədqiqatçılara nəyi tövsiyə edərdiniz?

Elşad Mirbəşir: Hər şeydən öncə qeyd edim ki, bu da çox önəmli bir məsələdir. Bu sahədə bir durğunluq mövcuddur. Biz bu gün diqqət yetirsək görərik ki, dünyanın aparıcı xalqları mütləq inkişaf etmiş dövlətlərə malikdirlər. Əgər xalq aparıcıdırsa, xalq müəyyən keyfiyyətlərə malikdirsə, onun dövləti siyasi cəhətdən heç vaxt zəif ola bilməz. Biz onların təcrübəsinə diqqət yetirdikdə görürük ki, onlar özləri üçün vacib olan dəyərlərə çox böyük sadiqliklə yanaşırlar, onlara çox böyük önəm verirlər. Hər bir inkişaf edən, sözünü deməyi bacaran xalqın ideologiyası var. İdeologiya nədir, ideologiya  fikirdir. Amma bütün cəmiyyət tərəfindən qəbul olunan, inkişafa aparan bir  fikirdir. Azərbaycanın inkişafını bir növ arxasınca aparacaq, inkişafına təkan verəcək, ideologiyalarımız var. Elə Azərbaycançılıq ideologiyasını götürüb onu təbliğ etsək, ona istinad etsək, bizim dövlətimiz daha da möhkəm olacaq. Bizim cəmiyyətimiz daha müsbət dəyərlərə malik olacaq. Heydər Əliyevin özü gözəl təbliğatçı idi. Bütün tribunalardan xalqını, dövlətini, bütün dəyərlərini istisnasız olaraq yorulmadan təbliğ edirdi. Biz Heydər Əliyevdən dərs götürməliyik. Biz dəyərlərimizi  hər şeydən öncə təbliğ etməliyik.

Vüqar Rəhimzadə: Mən də bütün deyilənlərlə razıyam və mənim üçün, xüsusilə araşdırmaçılar və jurnalistlər üçün qarşıda duran vəzifə o olmalıdır ki, biz təkcə daxili auditoriyanı nəzərə almamalıyıq. Xaricə çıxışla bağlı araşdırmalar və təbliğat-təşviqat işləri, milli ideologiya və digər məsələləri biz daxili auditoriya ilə yanaşı, digər ölkələr, xalqlar, millətlər üçün nəzərdə tutmalıyıq. Bu gün kifayət qədər imkanlar var, elektron medianın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq və bunu hökmən nəzərə almalıyıq. Ölkədə gedən proseslər, Azərbaycan reallıqlarını, Azərbaycan həqiqətlərini bütün bu vasitələrlə beynəlxalq təşkilatlara və digər ölkələrə çatdırmalıyıq. Bu, bizim üçün ana xətlərdən biri olmalıdır.

 

Hazırladı: Gündüz Nəsibov, 1905.az,

aliyevheritage.org