Islam mədəniyyətinin inkişafinda Azərbaycan alimlərinin rolu
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsindən növbəti tədbir “İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzusuna həsr olunub. Müzakirələrdə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, islamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, filologiya elmləri doktoru Ramiz Əskər və jurnalist Əliheydər Qasımov iştirak edirdi. Fuad Babayev: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan İlahiyyat İnstitutu ilə birgə təşkil etdiyi növbəti tədbirdə Sizi salamlayıram. Bügünkü diskussiyamızda İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu haqqında fikir mübadiləsi aparacağıq. Mən böyük məmnuniyyətlə Sizləri dinləmək istəyirəm. Buyurun söz sizindir.
Məlumat üçün onu da qeyd edim ki, bəşər mədəniyyətinin həcmcə ən böyük əsəri “Manas” dastanı bir milyon misraya yaxındır. Quran çox dərin bir əsərdir. Azərbaycan alimləri də sözsüz ki, İslam mədəniyyətinə öz töhfələrini veriblər. XX əsr İslam üçün Azərbaycanda itirilmiş əsrdir. 1905-1907-ci illər inqilabı, 1917-ci il inqilabı, Cümhuriyyətin işğalı, 1920-ci ildən sonra ateizm dövrü olub. 1991-ci ilədək İslam üçün Azərbaycan itirilib. Amma buna baxmayaraq Azərbaycanda bir çox görkəmli adamlar yetişib. Ötən əsrin əvvəllərində məhz bu coğrafiyada adlı-sanlı alimlər fəaliyyət göstərib, Quran tərcümə edilib, təfsirlər yazılıb. Heç şübhəsiz ki, Azərbaycanın böyük bir islam alimləri ordusu vardı. Çarizm nə qədər istəməsə də o dövrdə gerçək din alimlərini şeyxülislam seçib. Pişnamazzadəni (Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (1853–1932) – Qafqazın şeyxülislamı- red.), Əli bəy Hüsynzadənin atasını və babasını buna misal göstərmək olar. Bundan başqa Hüseyn Ağa Qayıbov “Təzkirət üş-Şüəra”yazıb, həm də qeyri-dini filoloji işlər görüb. Bu yaxınlarda onun 2 cild əsərini çap etdilər. Qayıbov Firidun bəy Köçərli səviyyəsində bir şəxs olmaqla yanaşı, həm də din xadimi idi. Xalisə Qarızadənin (Əbdülqəni Nuxəvi Xalisə–qarızadə-red.) adını eşitmişəm, Şəkidə Şəkəvi soyadlı məşhur təfsirçi var idi, İranda Fazil Lənkərani ad-san qazanmışdı. Fuad Babayev: Buyurun Zəkiyyə xanım, Sizi dinləyək. Zəkiyyə Əbilova: VII əsrdə İslamın meydana gəlməsi nəinki yarandığı Ərəbistan yarımadasında, Yaxın və Orta Şərqdə, eləcə də Asiyada, həmçinin Avropa ölkələrində bir sıra əqli, mənəvi və ictimai-mədəni həyatın dəyişdirilməsində mühüm rol oynadı. İslam mədəniyyəti sintetik bir mədəniyyətdir. Bu mədəniyyətə İslamı qəbul etmiş bütün xalqlar kimi Azərbaycan xalqı da öz töhfəsini verib. İslam mədəniyyəti VII əsrdən başlayaraq bu dini qəbul etmiş bütün xalqlar kimi Azərbaycan xalqının da mədəni və məfkurəvi həyatında oynadığı mühüm rol bu günə kimi davam edir. Əsrlərdən bəri qoruyub saxladığımız mənəvi irsimiz, miras kimi qalmış ənənələrimiz və yazılı abidələrimiz bizim qazancımızdır. Bu gün bütün dünya islami irsin bir qismindəm istifadə edir. Onu qeyd etmək mənim üçün şərəfdir ki, Nəsirəddin Tusinin qəbri üstündə elm aləminin sultanı sözləri yazılmışdır. Bu məncə hələ heç bir alimə nəsib olmayan elmi dərəcədir. Fuad Babayev: Tusiyə kim verib o elmi dərəcəni? Zəkiyyə Əbilova: Onun qəbirüstü abidəsini araşdıran alim bu sözləri oxumuşdur. Müasirləri ona belə bir ad veriblər. Aqil Şirinov: Tusi ümumiyyətlə fəlsəfədə o qədər önəmli bir şəxsiyyət idi ki, fəlsəfə kitablarında artıq mühəqqiq (1. təhqiq edən, tədqiqatçı; 2. tənqidçi – red.) deyiləndə başa düşülür ki, bu Tusidir. Yəni bu alimlər arasında rəvac tapmış, möhürünü vurmuş böyük bir alimdir.
Fuad Babayev: Minnətdaram Zəkiyyə xanım. Aqil müəllim, İslam mədəniyyəti müstəvisində Sührəvərdidən, Bəhmənyardan bu yana İslam mədəniyyətinə töhfə vermiş Azərbaycan alimlərindən kimlərin adını fəxrl çəkə bilərik? Aqil Şirinov: Orta əsrlərdə Azərbaycan hüdudlarında müxtəlif sahələrdə fəaliyyət göstərən alimlərimizi saymaqla bitməz. Hətta mən burada özüm üçün hazırladığım siyahıda 20-dən çox alimin adı yazılıb. Amma, onların sayı 20 deyil, yüzlərlə belə alimimiz var. Məsələn fəlsəfə sahəsini götürək. Orta əsrlərdə fəlsəfənin içində ehtiva olunan bir çox elmlər sonradan ondan ayrıldılar. Ən son XIX əsrdə sosiologiya və psixologiya fəlsəfədən ayrıldı. Yəni fəlsəfə bugünkü mənası ilə nəzəri bir fəaliyyət deyildi. İslam dünyasında fəlsəfədə bir çox məktəb var. Bunlardan əsas iki məktəb önə çıxır. Birinə məşailik yəni islam peripatetizmi (Bu cərəyan qədim yunan fəlsəfəsinin, əsasən də Aristotel ideyalarının müsəlmanlaşdırılmış forması kimi qəbul oluna bilər. Bu qrup dini mətnlərə o qədər önəm verməyib, dinə yalnız ağıl kontekstindən yanaşıb – red.) deyirik, digəri isə işraqilik (Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən yaradılan bu fəlsəfi təlimdə bütün varlığın vahid işıqdan yaranması qəbul olunur – red.) məktəbi adlanır. Hər iki məktəbin fəaliyyətində Azərbaycan alimlərinin xüsusi rolu var.
Fuad Babayev: Heliosentrikdən fərli olaraq. Aqil Şirinov: Bəli. Tusi geosentrik nəzəriyyədən kənara çıxmadan onu tənqid etdi. Biz deyə bilmərik ki, Tusi heliosentrik nəzəriyyə irəli sürdü. Amma, o Kopernikə qədər gedən yolun önünü açdı. Bu gün Qərbdəki tədqiqatlar onu göstərir ki, Tusinin və Kopernikin tədqiqatları arasında çox yaxın bənzərliklər var. Hətta Kopernikin Tusinin əsərləri ilə tanış olması da ehtimal edilir. Çünki, bir çox əsərlər artıq latın dilinə tərcümə olunmuşdu. Amma bu hələlik elmin həll etmədiyi məsələlərdən biridir. Fuad Babayev: Yəni ola bilsin o hansısa ideyaları Tusidən əxz edib. Aqil Şirinov: Mümkündür. Tək Tusi deyil. Ramiz Əskər: Niyə Nəsirəddin Naxçıvanlı deyil, Tusi deyirik. Tus Əbülqasım Firdovsinin anadan olduğu şəhərdir. Niyə Tusidir? Aqil Şirinov: Ramiz müəllim çox gözəl bir ifadə işlətdi. Niyə Tusidir? Çünki, Tusda anadan olub. Əslində kökləri Həmədan yaxınlığında yerləşən Cəhrud-Savədəndir. Nəsli sonradan Naxçıvana gəlib. Deyilənə görə Ordubadda hətta Şah Abbas onun nəslini vergidən azad edib. Ordubadda onun nəslinin nümayəndələri yaşayıb. Amma, ən əsas fəaliyyətini Marağada qurduğu rəsədxanada gerçəkləşdirib. Zəkiyyə Əbilova: Tusi “Təcrid əl-Əqaid” əsərində əsas etiqad prinsiplərini göstərib. Bu əsərə indiyə kimi şərhlər və haşiyələr yazılmasına rəğmən hələ də tədqiq olunmayıb. Bizim Əlyazmalar İnstitutunda onun bir neçə şərhi var. Fuad Babayev: Azərbaycan dilində çap olunub o əsər? Aqil Şirinov: Riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov tərəfindən tərcümə edilərək çap olunub. Zəkiyyə Əbilova: Şərhlər, haşiyələr var. Bu əsərə indiyə kimi üç əsas şərh yazılıb. Ərdəbili, Əbdül Kərim Ağa kimi tədqiqatçıları olub. Nə qədər öyrənilsə də bu əsər bitmir, tükənmir. Aqil Şirinov: İslamda “kəlamı” adlı bir elm var. Kəlam islam teologiyasıdır, yəni islam əqidəsini əqli əsaslarla müdafiə edən elmdir. İmamiyyə məzhəbinin kəlam ənənəsində fəlsəfi kəlamın qurucusu Nəsirəddin Tusi sayılır. Onun da ilk nümunəsi də “Təcridül-etiqad”dır. Bu əsərə təqribən iki yüz şərh və haşiyə yazılıb. Fuad Babayev: Yəni onların həcmi əsərin həcmindən müqayisəyə gəlməz dərəcədə çoxdur. Aqil Şirinov: Çoxdur. Çünki çox böyük bir təsirə malik olub. Maraqlıdır ki, bu əsərin şərhi məzhəbləri də birləşdirib. Bu orta əsrlərdə nadir görünən nümunələrdəndir. Orta əsrlərdə məzhəb məsələsi çox ciddi idi. Hərə öz əqidə kitabına şərh yazırdı. Amma “Təcridül-etiqad”a həm sünnilər, həm də şiələr şərh yazıb. Əli Quşçu (böyük astronom, eyni zamanda Hənəfi alimi – A.Ş.), Əllamə Hilli, Şəmsəddin İsfahani, Əkmələddin Babərti, Seyid Şərif Cürcani, Əbdürrəzzaq Lahici kimi alimlər şərh və haşiyələr yazıb. Bunların sayını artırmaq da olar. Bu siyahıda azərbaycanlı alimlər xüsusi yer tutur.
Fuad Babayev: Bəli, fələqqə (Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınıraq qamçılanırdı – red.) ilə asossiasiya doğururdu. Əhməd Niyazov: Mən şimal-qərb bölgəmizdə və qismən də Bakıdakı əlyazmalarla yaxından tanış olmuşam. Azərbaycanın elə mədrəsə alimləri olub ki, bu gün biz onları tanımırıq, elmi dövriyyədə bilinməyən elə əsərlər var ki, arxivlərdə toz içərisində qalıb. Xüsusilə potsovet məkan üçün bu belədir. Amma, XX əsrə qədər gələn mədrəsə heç də hakim sinfin idarə etdiyi kortəbii təhsil deyildi. Mədrəsə həqiqətən də bir sistem üzərində tədris prinsipi olan bir yer idi. Bir silsilə vardı. Burada əvvəlcə Qurani Kərim tədris edilirdi. Quran oxumağı bacardıqdan sonra İslamın əsas prinsipləri öyrədilərək ibadət edə biləcək qədər dini məlumatlar verilirdi. Bundan sonra yüksək səviyyədə ərəb dili tədris edilirdi. Azərbaycanda XIX əsrdə Kraçkovski kimi alimləri təəccübləndirəcək səviyyədə ərəb dili tədris edilirdi. Dil tədrisindən sonra ən vacib elm Məntiq idi. Bundan sonra tələbəyə təfsir, hədis və digər dini elmlər öyrədilirdi. Fuad Babayev: Siz dediniz ki, Azərbaycanda ərəb dili çox yüksək səviyyədə tədris olunurdu. Azərbaycan mütəfəkkirləri də əsərlərinin çox böyük bir hissəsini ərəb və fars dillərində yazırdı. Abbas müəllim, Siz necə düşünürsünüz biz öz mütəfəkkirlərimizi müdafiə edə bilirikmi? Yəni zaman-zaman Nizamini fars şairi kimi təqdim etmə cəhdləri var. Onun farsca yazmasını əsas dəlil kimi gətirirlər. Tusinin özünü Azərbaycan alimi olduğunu sübut edə bilirikmi? Yoxsa o hələ də müzakirə obyektidir? Abbas Qurbanov: Mənim vurğulamaq istədiyim əsas məqamlar alimlərimizin yaşadığı coğrafiya və dil məsələsidir. Bu iki məsələ bəlkə də bu gün araşdırılmasına ehtiyac duyulan ən böyük problemdir. Bu gün azərbaycanlı alim deyiləndə adətən indiki Azərbaycan hüdudları çərçivəsində yaşayan alimlər nəzərdə tutulur. Amma əslində bu belə olmamalıdır. Ona görə ki, tarixən Azərbaycanın ərazisi indikindən dəfələrlə böyük olub. Sadəcə biz bu irsə sahib çıxmalı və bunu daha geniş bir miqyasda ifadə etməliyik. Yəni Təbrizi, Ərdəbili, Xoy ləqəbli alimlər əslində azərbaycanlıdır. Biz 2004-2005-ci illərdə Türkiyədə təhsil aldığımız dövrdə öz elmi işlərində Nizami Gəncəvini fars şairi kimi göstərən alimlərə etiraz edirdik ki, şairin fars dilində yazması onun fars olması anlamına gəlmir. Nizaminin bütün əsərləri, bütün şeiriyyatı onun azərbaycanlı olduğunu sübut etsə də, onu dünyada belə tanıda bilməmişik. Burada bir məqama da toxunmaq istəyirəm. Elə elm adamları var ki, onları özününkiləşdirmək mümkün deyil, onlar bütün dünyaya məxsusdur, ümumbəşəridir. Amma, bununla belə tariximizi öyrənməli və araşdırmalıyıq. Bizə məxsus olan mütəfəkkirlərimizi, kitablarımızı özününküləşdirməliyik. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Xalqımıza məxsus tarixi qaynaqlarımızın ən çoxu bu gün Tbilisidə, Türkiyədə, ərəb ölkələrində və Rusiyadadır. Biz Türkiyədə Osmanlı əlyazmalarını araşdırdığımız zaman orada yüzlərlə azərbaycanlı müəlliflərin kitablarına rast gəldik. Alimlərimiz öz elmi işini, məşhurluğunu sübut etmək üçün Azərbaycanda yazılan kitabın bir nüsxəsini Osmanlıya göndərirdi. Bu mənbələrin hansısa bir şəkildə Azərbaycana gətirilməsi, onların araşdırılması bizim ən böyük problemimizdir. Amma bunun üçün böyük büdcələr, böyük layihələr lazımdır.
Abbas Qurbanov: Bəli. Aqil Şirinov: Mənə elə gəlir ki, kadrlarımız var . Zəkiyyə Əbilova: Əlyazmalar İnstitutunda mənbələri öyrənmək üçün kifayət qədər kadrlar var. Abbas Qurbanov: Bizim Əlyazmalar İnstitutunda kifayət qədər əlyazmalar var. Ramiz müəllim qeyd etdi ki, 1400 ildir ki, insanlar Qurani Kərimi öyrənir, hələ də öyrənməyə davam edir. Bu Allahın kəlamının eyni zamanda bir sirridir. Bir millət, dövlət olaraq bizi biz edən 4 əsas dayaq vardır: bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız və dinimiz. Din hər 3 dayağa təsir edir. Yəni Nizami Gəncəvini Nizami Gəncəvi edən onun duyğularının, onun daxili aləminin dinlə bağlı olmasıdır. Füzulini Füzuli edən onun dinlə bağlı olmasıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkanda hər kəs sərbəst şəkildə yaşaya bilir və bundan qaynaqlanaraq bizim elm adamları dünyaya tək pəncərədən baxmayıblar. Fuad Babayev: Onlar bir az kosmopolitləşiblər. Abbas Qurbanov: Bu azərbaycalı alimlərin xüsusiyyəti olub. Məsələn xəlvəti təriqətinin banisi Seyid Yəhya Şirvani. Fuad Babayev: Yəni Bakuvi. Abbas Qurbanov: Şirvani də deyilir, Bakuvi də. Aqil Şirinov: Əslində Şirvani daha doğrudur. Abbas Qurbanov: Seyid Yəhya Şirvani müəyyən coğrafi ərazidə olan məhəlli bir təriqəti heç kimi incitmədən və incimədən bütün İslam dünyasına yayıb. Mövlanə həzrətləri (Mövlana Cəlaləddin Rumi – XIII əsrdə yaşamış İslam və təsəvvüf dünyasında tanınmış fars şairi – red.) deyir ki: “….nə olursan ol, gəl”. Şirvaninin də əsas xüsusiyyəti hər bir düşüncəyə açıq olması, hər kəsi öz içində əhatə etməsi idi. Günümüzün ən böyük problemlərindən biri dini ayinləri göstərişlə, görüntü xatirinə həyata keçirməkdirsə, o öz ibadətlərini gizlin, xəlvətdə edirdi. Seyid Yəhya Şirvaninin siz ibadətinizi niyə xəlvətdə edirsiniz, yoxsa dindar olduğunuz üçün qorxursunuz sualına da cavabı belə olub ki, biz bunu görüntü xatirinə etmirik. Yəni Azərbaycanın kəlam alimləri, filosofları bu düşüncəyə, belə həyat tərzinə malik olublar. XIX əsrdə yaşamış Mir Məhəmməd Kərim Bakuvi müəllifi olduğu “Kəşfül-həqayiq” kitabının ön sözündə yazır ki, Hacı Zeynalabdin Tağıyev (bu kitab Tağıyevin maliyyəsi hesabına nəşr olunub – A. Q.) mənə nə şiələrin, nə də sünnilərin inciməyəcəyi təfsir kitabı ərsəyə gətirməyi tövsiyə edib. “Kəşfül-həqayiq” kitabı bu gün həm şiə dünyasını, həm də əhli sünnəni birləşdirə biləcək bir vəhdətdir. Biz bu kitabı Azərbaycan dilində yenidən nəşr etdik. Bu gün Azərbaycandakı tolerantlıq, multikultural duyğular, dini vəhdətin mövcudluğu tarixən azərbaycanlı alimlərin dünyaya baxış tərzlərindən irəli gəlir. Ramiz Əskər: Gözəl qeyd olundu ki, elmin vətəni yoxdur, alimin vətəni var. Amma etiraf edək ki, bizim Qəzali səviyyəli alimimiz yoxdur. Ziya Bünyadov yazır ki, Qəzali İslam tarixində önəmli rol oynayıb. Aqil Şirinov: Ramiz müəllim, icazə verin Tusişünas olaraq bu fikirlə razılaşmayım. Çünki mən Qəzalinin əsərləri ilə də tanışam. Həqiqətən Tusi heç də ondan daha aşağı bir alim deyil. Şübhəsiz ki, Qəzali böyük alimdir, əsərləri çoxdur. İslam düşüncəsinə təsiri baxımından da çox böyük bir alimdir. Amma Qəzzalidən sonra xüsusilə əşəri kəlamın ən üstün nümayəndəsi, onu sistemləşdirən Fəxrəddin Razi olub. Tusi Razini tənqid edə biləcək qədər dərin bir alimdir.
Aqil Şirinov: Maraqlıdır ki, o qəsidə bizdə tanınmır, Füzulinin bizdə tanınan əsərləri də Türkiyədə tanınmır. Abbas Qurbanov: Bəli tərs mütənasiblik var. Aqil Şirinov: Fəlsəfi ənənə ilə bağlı fikrimi tamamlamaq istəyirəm. İslam fəlsəfəsində, islam dünyasında yaranmış iki ən önəmli fəlsəfi məktəbdən biri də İşraqilikdir. Onun qurucusu azərbaycanlı alim Şihabəddin Sührəvərdi (1154-1191- red.) olub. Bilirsiniz ki, Sührəvərdi çox az yaşayıb, onu öldürüblər. Fuad Babayev: 37 il yaşayıb. Aqil Şirinov: Bəli, 37 il. Sührəvərdi bir fəlsəfi ənənənin qurucusudur. Yəni hər hansısa bir ənənənin davamçısı deyil, fəlsəfi ənənənin, işraqi ənənənin qurucusudur. Fuad Babayev: Bizdə hələ sovet dönəmində Sührəvərdinin “İşıq heykəlləri” dərc edilmişdi. Aqil Şirinov: Onun əsəri çoxdur. “Həyakil ən-nur”, ”Hikmət əl-işraq, “Pərtovnamə” və s. Bəli, Nur heykəlləri Azərbaycan dilinə tərcümə olunub. Yəni biz istər əqli, istərsə də nəqli elmlərdə çox böyük bir məktəb qurmuşuq. Qeyd edim ki, Naxçıvanda yetişən alimlər – Naxçıvanilər də İslam fəlsəfi ənənəsinin inkişafında çox böyük rol oynayıb. XIII əsrdə yaşamış böyük həkim Əkmələddin Naxçıvanini misal çəkmək olar. O Naxçıvanda doğulub, Anadolu Səlcuqilərinin o vaxt mərkəzi olan Konyada vəfat edib. Əkmələddin Naxçıvani İbn Sinanın əsərlərinə tənqidi şərh yazacaq səviyyədə böyük alim olub. Bundan başqa böyük alim Nəcməddin Naxçıvanidən, sonrakı dövrlərdə Nemətullah Naxçıvanidən bəhs etmək olar. Nemətullah Naxçıvani ruhani, sufi təsfiri ənənəsində çox önəmli şəxslərdən biri hesab olunurdu. İrəvanda yetişən azərbaycanlı alimlər, xüsusən XVIII-XIX əsrlərdə İslam dünyasında həqiqətən söz sahibi olub. Fazil İrəvani (1782–1885) Qafqaz müsəlmanlarının II Şeyxülislamı olub. Onun nəslindən gələn din alimlərinə misal olaraq Əli İbn Qurban İrəvanini, Məhəmmədbaqir Əl İrəvanini göstərmək olar. Məhəmmədbaqir Əl İrəvani hazırda sağdır və Nəcəf şəhərində yaşayır. Azərbaycandan gələn şəxslər Nəcəfdə iki mədrəsə qurub – İrəvani və Badikubeyi mədrəsələri. Ən qədimi İrəvanidir. Bu mədrəsələrin hazırda yeri bilinir, amma ciddi fəaliyyət göstərmir. Bu mədrəsələrin də araşdırılması bizim üçün böyük bir töhfə olar, həm də İrəvan şəhərinin bizə məxsusluğunu, oradan necə böyük alimlərin çıxdığını yenidən dünyaya çatdıra bilərik. İslam dünyasına önəmli töhfə verən şəhərlərdən biri də Bərdədir. Əbu Səid əl-Bərdəi (ö.930) hənəfi məzhəbinin ən önəmli alimlərindən biri və orta əsrlərdə mövcud olmuş rasional mötəzi məktəbinin nümayəndəsi idi. Əbu Səid Əl Bərdəi Zahiriyyə məzhəbinin banisi Davud İbn Əli əl İsfahanini Bağdadda elmi diskussiyada məğlub edəcək səviyyəli alim olub. Həcc ziayrətində olan Bərdəi 930-cu ildə qərmətilərin Kəbəyə hücumu zamanı öldürülüb. Başqa bir şəhərimiz Beyləqandan çıxan xeyli alimlərimiz var. Hətta Yaqut əl-Həməvi onların bir çoxunun adlarını qeyd edir. Azərbaycanda doğulub başqa yerlərdə məktəb quran alimlərimiz çox olub. Fuad Babayev: Türkiyə ilə, türk alimləri ilə təmasda olan insanlar təsdiqləyər ki, hər bir türk vətəndaşında böyük bir sivilizasiyanın varislik hissi var. Amma bizdə bəzən diskussiyaya meyilli insanlarla təmas zamanı özümüzü kiçiltməyə bir növ meyl aşıq-aşkar sezilir. Əliheydər müəllim Siz necə düşünürsünüz bizim özümüzü kiçiltməyimiz Azərbaycan alimlərinə sahiblənməyə də mane olurmu?
Fuad Babayev: Aqil müəllim, Siz İlahiyyat İnstutunun elm və innovasiyalar üzrə prorektorusunuz. Ümumi şəkildə desək Azərbaycan alimlərinə sahiblənmək istiqamətində Siz təhsil prosesində nələri edirsiniz, nələri planlaşdırırsınız. Çünki sabah istər televiziya, istər media, istərsə də adi ictimaiyyət nümayəndələri bu informasiyanı Sizin məzunlardan almağa cəhd göstərəcək. Aqil Şirinov: Biz bir neçə istiqamətdə iş görürük və görməyi planlaşdırırıq. Bunlardan birincisi İlahiyyat İnstitutunda fəaliyyət göstərən alimlərin bu sahədəki fəaliyyətləridir. Bügünki tədbirimizdə iştirak edən Əhməd Niyazov pedoqoji fəaliyyətlə yanaşı, həm də Azərbaycanda yazılmış dini əsərlərin üzə çıxarılması və araşdırılmaı ilə məşğuldur. Bu araşdırmalar gələcəkdə nəşr ediləcək. Qeyd edim ki, digər müəllimlərimiz də bu istiqamətdə fəaliyyət göstərirlər. İkincisi, gələcəkdə tələbələrimizin bir çoxunun diplom işini Əlyazmalar İnstitutuna yönəldəcəyik. Fuad Babayev: Əlyazmaların fondlarında kifayət qədər əsərlər var ki, hələ onların qatı açılmayıb. Aqil Şirinov: Əlbəttə. Zəkiyyə Əbilova: İlkin məlumat var, amma tədqiq olunmayıb. Abbas Qurbanov: Bugünkü oxuyucuya çatdırmaq üçün onların latın əlifbasına keçirilməsi lazımdır. Aqil Şirinov: Biz də onu düşünürük. Əhməd müəllim bunların bir çoxunu edib və etməyə davam edir. Hətta Əlyazmalar İnstitutunda olmayan müəyyən əlyazmaları da Azərbaycanın şimal-qərb bölgəsindən əldə edilib. Üçüncü istiqamət ondan ibarətdir ki, bu sahədə fəaliyyət göstərən alimlərin iştirakı ilə seminar və dəyirmi masalar təşkil edirik. Bu tədbirlərdə alimlər fikir mübadiləsi aparır, tövsiyələrini tələbələrə çatdırır və eyni zamanda bu sahədəki problem və naliyyətlərdən danışmaq imkanı əldə edirlər. Bundan başqa gələcəkdə kitab nəşrinə də dəstək vermək əzmindəyik. Ramiz Əskər: Sizin İnstituta qəbul necə həyata keçirilir? Aqil Şirinov: Bizdə iki ixtisas var – dinşünaslıq və İslamşünaslıq. Dinşünaslığa qəbul test vasitəsilə keçirilir. Dinşünaslıq – dinlər üzrə mütəxəssis tək islam dini deyil, digər dinlər üzrə də mütəxəssisdir. İslamşünaslıq isə sırf islam dini ilə əlaqədardır. Burada da digər dinlər və dünyəvi fənlər tədris edilir. Amma, İslamşünaslığa qəbul zamanı abituriyent testdən sonra psixoloji komissiyadan da keçməlidir. Zəkiyyə Əbilova: Əlyazmalardan söz düşmüşkən onu deyim ki, biz özümüz tədqiqat apardığımız mənbələrlə bağlı dünya kitabxanalarının kataloqlarına müraciət edirik. Xətib Təbrizinin (XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi və şair – red.) “Şərhül İxtiyarət müfadəl” əsəri vardır. Bu antalogiyadır. Fuad Babayev: Müntəxabat. Zəkiyyə Əbilova: Bu əsərin Xətib Təbrizinin əli ilə yazılmış yeganə əsl nüsxəsi Tunisin milli kitabxanasındadır, onun bərpaya ehtiyacı var. Mən özüm onu orada görmüşəm, bu kitab Azərbaycanda yoxdur. Bu əsərə cahilliyə dövründən başlamış islamın ilk iki əsrinə qədər olan dövrdə yaşamış ərəb şairlərinin şeirləri daxil edilib. Xətib Təbrizi bu əsərdə heç bir milli mənsubiyyətə, dinə fərq qoymadan onları şərh edib. Xətib Təbrizi Təbrizdən Şama qədər elm dalınca gedib və öz kitablarını çiynində aparıb. Tərlədiyindən bu kitablar nəm çəkib və bu kitablarda onun tərinin izi qalıb. Mən onu demək istəyirəm ki, Xətib Təbrizi haqqında sırf ərəb mənbələri və dünya kataloqları yazır ki, bu azərbaycanlıdır. Amma gəlin görək harada Xətib Təbrizinin adına rast gəlirik? Xətib Təbrizi Azərbaycanda nə dərəcədə tədqiq olunur. Bircə rəhmətlik Malik Mahmudov onun haqqında yazmışdı. Əliheydər Qarayev: Sahib çıxmaq elə budur. Zəkiyyə Əbilova: Sahib çıxmaq lazımdır. Mən Tunisdə olarkən öz tələbə təqaüdümlə Xətib Təbrizinin əsərinin mikrofilmini çıxarıb gətirmişəm. Hazırda Əlyazmalar İnstitutunda onun üzərində işləyirəm. Bu əsərdəki şairləri etiqadı baxımından ayırıram, gələcəkdə onu monoqrafiya şəklində vermək istəyirəm. Amma,, tədqiqə ehtiyacı olan alimlərimiz çoxdur. Onlar müəyyənləşdirilərək tədqiqata cəlb edilməlidir. Əliheydər Qasımov: Toxunduğunuz məsələlər olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə də gələcəkdə də bu qəbildən olan diskussiyalar təşkil edilməlidir.
Hazırladılar: Təmkin Məmmədli, Aydan Abaslı 1905.az |
