Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “30 tarixi səfər (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)” kitabının təqdimat mərasimi keçirilir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsi olan bu kitabda Ulu Öndərin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərləri, mövzu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Azərbaycanın xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları yer almışdır. Tarixi arayışlarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” kitabından istifadə edilmişdir. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuş, alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilmişdir. Kitabın elmi redaktoru Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovdur. |