az|en|ru

Rusiyalı müəllifin imza günü olub


Martın 14-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org)təşkilatçılığı ilə “Dom russkoy kniqi” kitab mağazasında rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın imza günü keçirilib.

Çoxsaylı oxucuların, rus icması nümayəndələrinin və media mənsublarının iştirak etdiyi mərasimdə “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının direktoru Rauf Həsənov, Nina Puşkovanın müəllifi olduğu “Postskriptumlu roman” kitabının tərcüməçisi Gündüz Nəsibov çıxış ediblər. Çıxışçılar rusiyalı müəllifin həyat yolu barəsində məlumat verib, onun Azərbaycan dilində təqdim olunan romanının əsas cəhətlərindən  danışıblar.

Nina Puşkova imza gününə gəlmiş oxucuları ürəkdən salamlayıb, kitabın tərcüməsini və nəşrini təşkil etmiş Heydər Əliyev İrsini Araşdırma Mərkəzinə və onun baş direktoru Fuad Babayevə minnətdarlığını bildirib. Rusiyalı müəllif 35 il öncə ilk dəfə səfər etdiyi Azərbaycan paytaxtının onda böyük təəssürat yaratdığını vurğulayıb, Bakıda aparılan tikinti və abadlıq işlərini qeyri-adi möcüzə adlandırıb.

Sonra Nina Puşkova oxucular üçün  “Poskriptumlu roman” kitabını imzalayıb.