az|en|ru

Bakıda Beynəlxalq Tərcüməçilər gününə həsr edilmiş toplantı keçirilib


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Tərcümə laboratoriyasında Beynəlxalq Tərcüməçilər gününə həsr edilmiş toplantı keçirilib. Əvvəlcə Mərkəzin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tarixinə kiçik ekskurs edərək görülən işlərdən, gələcək planlardan danışıb, l Heydər Əliyevin irsinin xarici dillərə tərcümə edilməsinin əhəmiyyətini vurğulayıb.

Tərcümə laboratoriyasından SalamNews-a verilən məlumatda bildirilir ki, tədbirdə tərcümə sənətinin tarixindən danışan Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri namizədi Qılıncxan Bayramov Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin gənc tərcüməçilərin yetişdirilməsi istiqamətdə fəaliyyətini təqdirəlayiq hal kimi dəyərləndirib.

Beynəlxalq Tərcüməçilər gününə həsr edilmiş tədbirdə çıxış edən Fransanın İncəsənət və Ədəbiyyat Komandoru ordeni kavaleri, yazıçı-tərcüməçi Hamlet Qoca Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Mərkəzin gördüyü işlərin əhəmiyyətindən danışib, quruma gələcək fəaliyyətində uğurlar diləyib.

Tərcüməçilər gününə həsr edilmiş tədbirə qatılan çin dili tərcüməçisi, Bakı Dövlət Universitetinin müəllimi Li Jenin, ukrayna dili tərcüməçisi İrina Əliyeva, gürcü dili tərcüməçisi, İTV-də radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli və başqaları Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə etmiş və bu qəbildən olan tədbirlərin mütamadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Tərcümə laboratoriyasının rəhbəri Təmkin Məmmədli cari təqvim ilinin son rübündə görüləcək işlər haqqında toplantı iştirakçılarına məlumat verib.