az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə elm xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın viste-prezidenti Arif Həşimov bildirib ki, mərkəzin www.aliyevheritage.org ünvanındakı portalı ümumilli lider Heydər Əliyevin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur.

Onun sözlərinə görə, bu illər ərzində mərkəz Heydər Əliyevin fəaliyyətinin araşdırılması məqsədilə bir çox işlər görüb.

Tədbirdə çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, portalda Heydər Əliyevin fəaliyyətinin demək olar ki, bütün sahələri - xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. geniş əhatə olunub.

"Materialları oxucuların asanlıqla tapması üçün bölümlər və alt bölümlər yaradılıb. Portalda dünyada ən geniş yayılmış 50 dildə versiyanın olması dünyanın bir çox ölkələrinin oxucularının materialla ilə öz dillərində tanış olması üçün imkan yaradır. Ötən il Mərkəzin portalına 185 ölkədən 100 minlərlə oxucu daxil olaraq 2 milyona qədər sənəd ilə tanış olub. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlər qrumları, dünyanın nüfuzlu KİV-nin nümayəndələri, transmilli şirkətlər təşkil edir. Hazırda gün ərzində dünyanın 80-100 ölkəsindən portala oxucular daxil olur", - Babayev əlavə edib.

O bildirib ki, oxucuları əsasən Heydər Əliyevin həyatı ilə yanaşı, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın neft strategiyası, iqtisadiyyatı, ordu quruculuğu, mədəniyyəti və gənclər siyasəti maraqlandırır.

Daha sonra tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov portalın əhəmiyyətindən danışıb. Mahmuov bildirib ki, onun Heydər Əliyev irsinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu var.

O həmçinin qeyd edib ki, AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərən şöbədə Heydər Əliyevin Moskvadakı fəaliyyəti dövrünü əhadə edən 2 cildlik monoqrafiya hazırlanır. Mahmudov qeyd edib ki, hər iki cildin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə qədər təqdim olunması nəzərdə tutulur.

Tədbirdə çıxış edən digər iştirakçılar da Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələri və dövrləri haqqında danışıb və ümummilli liderin zəngin irsinin araşdırılmasının vacibliyini vurğulayıblar.