az|en|ru

Bakıda rusiyalı müəllifin kitabı təqdim edilib


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərcümə laboratoriyası rusiyalı aktrisa, ssenarist və sənədli filmlər rejissoru Nina Puşkovanın “Postskriptumlu roman” kitabını Azərbaycan dilinə tərcümə edib.
AzərTAc xəbər verir ki, martın 13-də Bakıda kitabın Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib.
Tədbirdə Azərbaycanın elm, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən kinoşünas, Əməkdar İncəsənət Xadimi Ayaz Salayev Nina Puşkovanın yaradıcılığı və “Postskriptumlu roman” kitabı haqqında geniş məlumat verib.
Ayaz Salayev müəllifə uğurlar arzulayıb, onun müasir həyatı əks etdirən “Postskriptumlu roman” kitabının azərbaycanlı oxucuların rəğbətini qazanacağına əminliyini bildirib.
Kitabın müəllifi Nina Puşkova təqdimat mərasimində çıxış edərək ilk dəfə təxminən qırx il əvvəl Azərbaycanda olduğunu, bu qədim diyarın onun yaddaşında silinməz izlər buraxdığını söyləyib. Qonaq sözünə davam edərək deyib: “Bütün bakılılar deyirlər ki, biz öz şəhərimizi çox sevirik. Doğrudan da, Bakının xüsusi cazibəsi, sehri vardır”.
Azərbaycanlıların qonaqpərvərliyini, səxavətini xüsusi vurğulayan müəllif əsərinin məhz bu ölkədə tərcümə və nəşr edilməsindən məmnunluğunu bildirib, bu işdə əməyi olanlara təşəkkür edib. 
Sonra N.Puşkovanın yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib, çəkildiyi filmlərdən fraqmentlər göstərilib. 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev kitabın tərcümə prosesindən, müəllifin bu işdə əvəzsiz dəstəyindən söz açıb, təqdimat mərasimində iştirak etdiyi üçün N.Puşkovaya mərkəzin kollektivi və azərbaycanlı oxucular adından dərin minnətdarlığını bildirib. Xalqların və mədəniyyətlərin bir-birinə yaxınlaşmasında tərcümə əsərlərinin rolunu qeyd edən F.Babayev deyib ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi bu layihəsini gələcəkdə də davam etdirmək niyyətindədir.
Tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı, professor Qılıncxan Bayramov, Bakı Slavyan Universitetinin professorları Asif Hacıyev, Flora Hacıyeva, Rusiyanın Azərbaycandakı səfirliyinin baş müşaviri Aleksandr Qladkov, rejissorlar Şamil Nəcəfzadə, Vasif Babayev, Azərbaycandakı Rus İcması sədrinin müavini Mariya Kojevnikova, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının ədəbi hissə müdiri Valentina Reznikova, Bakıdakı Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova və başqaları çıxış edərək kitab haqqında fikirlərini söyləyiblər.
Sonda N.Puşkova sualları cavablandırıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.