"Sabaha doğru" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir.

 
 
 
 
 
"Sabaha doğru" kitabı tarixin ən böyük azərbaycanlısı Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf olunmuşdur.
 
Kitaba ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları daxil edilmişdir. Bütün çıxışları, əlbəttə ki, bir kitaba yerləşdirmək mümkün deyildir. Buna görə də kitaba rəmzi olaraq məhz 40 çıxış yerləşdirilmişdir. Bu çıxışların hər biri Azərbaycan dövlətinin qarşısında duran prioritetləri müəyyənləşdirmək, taleyüklü problemlərini həll etmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Kitaba daxil edilən çıxışlar ümummilli liderimizin fəaliyyətinin ən müxtəlif aspektlərini - andiçmə mərasimləri, xarici və daxili siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, mədəniyyət, təhsil və s. məsələləri əhatə edir. Bu çıxışlarda Heydər Əliyev həm sovet dövrünə ekskurs edir, həm də gələcəkdə görüləcək işlərdən bəhs edir.

Kitab 20 Yanvar hadisələri ilə bağlı Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixində Azərbaycanın Rusiya nümayəndəliyində SSRİ rəhbərliyini sərt tənqid edən bəyanatı ilə açılır. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Növbəti sənəd onun SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyevin həm 20 Yanvar faciəsi ilə bağlı çıxışı, həm də SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ərizəsi sovet cəmiyyətini möhkəm silkələmişdi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olaraq Heydər Əliyevin Naxçıvan əhalisinə müraciəti bu respublikanın ağır günlərinə təsadüf edir.

Kitaba həmçinin, Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilərkən, Azərbaycan Respublikasının Prezidenti olaraq 1993 və 1998-ci illərdəki andiçmə mərasimləri zamanı etdiyi proqram xarakterli çıxışları daxil edilib. Məhz bu çıxışlarında Heydər Əliyev Azərbaycanın mövcud durumunu təhlil edir, qarşıdakı illərdə görəcəyi işlərdən danışır.

Ulu öndərin konturlarını dəqiqliklə müəyyənləşdirdiyi neft strategiyası onun fəaliyyətinin ana xəttini təşkil edir. Neft strategiyası ilə bağlı dörd əsər bu kitabda yer alıb - "Əsrin müqaviləsi"nin imzalanma mərasimindəki çıxış, bu müqavilə üzrə ilkin neftin alınmasına həsr olunmuş mərasimdəki çıxış, "Üç dənizin əfsanəsi" konfransındakı çıxış və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimindəki çıxış.

Heydər Əliyevin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Görülən tədbirlər nəticəsində Azərbaycan nəhəng beynəlxalq iqtisadi layihələrin həyata keçirildiyi məkana çevrildi. Tarixi Böyük İpək Yolunun bərpa edilməsi də belə layihələrdəndir. Kitaba bu tarixi yolun bərpası ilə bağlı Bakıda keçirilən konfransda və Vaşinqtonda keçirilən "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" mövzusunda konfransda Heydər Əliyevin çıxışları daxil edilmişdir.

BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatların ali məclislərində etdiyi və kitaba daxil olan çıxışlarda bu misilsiz siyasətçi Azərbaycan həqiqətlərini dünyaya yayır, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırır. Heydər Əliyev fəaliyyəti dövründə ABŞ, Rusiya, Böyük Britaniya və Fransa kimi nəhəng dövlətlərlə Azərbaycanın münasibətlərini məhz qarşılıqlı maraqlar zəminində qurmağa nail olmuşdur. Kitaba bu ölkələrin rəhbərləri ilə aparılan danışıqların mətni də daxil edilmişdir.

Bu kitaba daxil edilən Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında Heydər Əliyev azərbaycançılıq məfkurəsinin əsaslarını bəyan etmişdir. Azərbaycandan kənarda təhsil almış mütəxəssislərlə görüşündə Heydər Əliyev təhsil sahəsində gördüyü işlərdən bəhs edir.

Azərbaycan Milli Ordusunun formalaşması Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ali Hərbi Məktəbin və Ali Təyyarəçilər Məktəbinin birinci buraxılışındakı çıxışında o, ordunun keçdiyi yola nəzər salır.

Ulu öndərimiz Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Kitaba daxil edilən üçüncü minilliklə əlaqədar xalqa müraciəti, Bibiheybət məscidinin təməlqoyma mərasimindəki çıxışı, "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" konfransındakı çıxışları bu mənada diqqətəlayiq hadisələrdir.

Kitaba daxil edilən ölkə kinematoqrafının 100 illiyinə və "Festivallar festivalı"nın açılışına həsr olunmuş təntənəli gecədə çıxışında Heydər Əliyev Azərbaycan kinosunun tarixindən bəhs edir, perspektivindən danışır.

Bu gün Heydər Əliyev kursu yaşayır və qalib gəlir. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, Heydər Əliyev yolu yeganə düzgün yoldur. Hətta İlham Əliyevin kitaba daxil edilən çıxışlarından belə bu rabitə görünür, siyasətdə varislik davam edir. Əgər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlini Heydər Əliyev qoymuşdusa, onun istifadəyə verilməsini İlham Əliyev təmin etdi. Bibiheybət məscid-ziyarətgah kompleksinin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdusa, onun açılışı İlham Əliyev tərəfindən edildi. Azərbaycan diasporlarının təşkilatlanması işində həlledici rol oynayan Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayında müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıları bir məfkurə altında birləşməyə çağırırdısa, Dünya Azərbaycanlılarının II qurultayında İlham Əliyev artıq diasporların keyfiyyətcə yeni mərhələyə qədəm qoymalarının vacib olduğunu bildirdi. Bu mərasimlərdəki çıxışlar da kitaba daxil edilmişdir.

Qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr etdirilən "Sabaha doğru" kitabı tədqiqatçılar, politoloqlar, tələbələr, eləcə də Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə maraqlanan hər bir şəxs üçün sanballı və dəyərli mənbə olacaqdır.