az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir


Bakı, 10 may (AzərTAc). Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org)  ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir.  

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev AzərTAc-a bildirmişdir ki, oxuculara təqdim edilən yeni topluda Azərbaycan Respublikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunmuş kitabların elektron variantları yer almışdır. 

Mərkəzin birinci elektron nəşri Azərbaycanın ATƏT ilə münasibətlərindən bəhs edir və “Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” adlanır. Eyniadlı kitab 2006-cı ildə çapdan çıxmış və Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində (ingilis, fransız və rus) nəşr edilmişdir. Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ATƏT-in zirvə görüşlərindəki nitqlərinin mətni, bir sıra rəsmi sənədlər toplanmışdır. 
İkinci elektron nəşr ölkəmizin İslam Konfransı Təşkilatı (İKT) ilə əməkdaşlığından bəhs edir və “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” adlanır. 2008-ci ildə Azərbaycan dili ilə yanaşı, İslam Konfransı Təşkilatının rəsmi dillərində (ingilis, fransız və ərəb) nəşr edilən kitaba ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT-nin zirvə görüşlərindəki nitqləri və müvafiq sənədlərin mətni daxil edilmişdir. “Ön söz”ün müəllifi xarici işlər naziri Elmar Məmmədyarovdur. 

Üçüncü elektron nəşr NATO ilə əlaqələrimizdən bəhs edir və “Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol” adlanır. 2009-cu ilin aprelində, Azərbaycan Respublikasının NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı”na qoşulmasının 15 illiyinə ithaf edilən kitaba mövzu ilə bağlı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqləri və görüşlərinin mətni daxil edilmişdir. Kitab Azərbaycan və NATO-nun işçi dillərində (ingilis və fransız) nəşr olunmuşdur.
 
Dördüncü elektron nəşr ölkəmizin BMT ilə münasibətlərindən bəhs edir və “Azərbaycan bayrağı İst-River sahilində” adlanır. 2009-cu ilin sentyabrında çap olunan kitab ümummilli lider Heydər Əliyevin bu mötəbər təşkilatda ilk nitqinin 15-ci ildönümünə ithaf edilmişdir. Kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin bu ali qurumla münasibətlərini xarakterizə edən nitqləri, görüşlərinin mətni və müvafiq rəsmi sənədlər yer almışdır. Kitab Azərbaycan və ingilis dillərində tam versiyada, BMT-nin digər rəsmi dillərində (fransız, ispan, Çin, ərəb və rus) isə xülasə ilə çap olunmuşdur. 

Beşinci elektron nəşr ölkəmizin Avropa Şurasına qəbul edilməsinin 10-cu ildönümünə həsr olunmuşdur. Bu nəşr “Azərbaycan vahid və bölünməz Avropada” adlanır. Kitaba ulu öndər Heydər Əliyevin və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu təşkilatın ali kürsüsündən söylədikləri nitqlərin, Avropa Şurasının rəhbərliyi ilə görüşlərinin mətni daxil edilmişdir. Azərbaycan və ingilis dillərində nər olunan kitabın “ön söz”ünün müəllifi Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. 

Nəhayət, altıncı elektron nəşr “Bakı–Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)” adlanır. Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitaba mövzu ilə bağlı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nitq və görüşlərinin mətnləri, eləcə də rəsmi sənədlər daxil edilmişdir. Azərbaycanla Aİ arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş”in 15 illiyinə ithaf olunmuş kitaba “ön söz” Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən yazılmışdır. 

Kompyuter və rəqəmsal texnologiyaların inkişafı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi kitabların elektron versiyalarının yaradılmasını şərtləndirən əsas amillərdir. Kitabların elektron variantda yayımı oxuculara çap variantından fərqli olaraq yeni imkanlar yaradır. Bunlar əsas etibarilə kontekstdə axtarış, fərdi kompyuterə köçürmə, elektron poçt vasitəsilə planetin müxtəlif istiqamətlərinə bir andaca göndərilmə imkanı və sairədir.