az|en|ru

Siyasət Strateji Araşdırmalar Mərkəzində “30 tarixi səfər” kitabının təqdimat mərasimi keçirilir


Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “30 tarixi səfər (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)” kitabının təqdimat mərasimi keçirilir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsi olan bu kitabda Ulu Öndərin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərləri, mövzu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Azərbaycanın xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları yer almışdır.
Tarixi arayışlarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” kitabından istifadə edilmişdir.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuş, alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilmişdir.
Kitabın elmi redaktoru Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovdur.