az|en|ru

SAM və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "30 tarixi səfər" kitabını təqdim etdi


Prezident yanında Strateji Araşdırmalar Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "30 tarixi səfər" kitabının təqdimat mərasimini keçirib. 

SAM-dan AZADİNFORM-a verilən məlumata görə, “30 tarixi səfər (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)”  kitabına liderin müvafiq səfərləri ilə bağlı materiallar daxil edilib. 

Kitabın nəşrində “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirovun, kitabın elmi redaktoru AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun, yaradıcı qrupun rəhbəri siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevin böyük əməyi olub. 

Qeyd edək ki, kitabda Heydər Əliyevin rəsmi səfərlərinin coğrafiyasının Azərbaycan Respublikasının beynəlxalq siyasətdə Qərb və Şərq istiqamətlərində maraqlar balansının göstəricisi olduğu yazılır: “Heydər Əliyev xarici siyasətində əsas prioritet istiqamətlər Azərbaycanın dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, xüsusilə ABŞ və Qərbi Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsini,  qonşularla (Rusiya, İran, Gürcüstan) münasibətlərin yaxşılaşdırılmasını, MDB dövlətləri ilə münasibətləri genişləndirməkdən ibarət idi. Ən mühüm istiqamətlərdən biri isə türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tuturdu. 

Xatırladaq ki, mövzu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri, müasir mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları, foto-sənədlər də kitabda yer alıb.

Kitab alimlər, tədqiqatçılar, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.