az|en|ru

“Xocalı-1992” kitabı 4 dildə işıq üzü gördü


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşri – “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb. Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilib. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb. Məlumat-soraq materiallarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi zərər, eləcə də işğal olunmuş rayonlarımıza vurulan zərərin həcmi Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduqları “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” tədqiqat əsərindəki rəqəmlərə uyğun verilib. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilmiş, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraqla qarşılanmışdı. “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçi və ön sözün müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilib. Kitabın ön sözündə qeyd olunduğu kimi: “Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barəsində gerçəkliyi növbəti dəfə diqqətə çatdırır”.